Əgər Novruz bayramının simvolu qırmızı qurşaqlı xonçadakı şəkərbura-paxlavadırsa, Yeni ilin də simvolu rəngbərəng işıqlarla bəzədilmiş yaşıl yolka ağacıdır. İlin-günün bu vədəsi evlərdə, iş yerlərində üstündə işıqlar sayrışan yaşıl yolkanın quraşdırılması yeni təqvim ilinin gəlişindən soraq verir.
İndi paytaxt Bakının küçə və meydanlarında, o cümlədən Dənizkənarı Bulvar, Azneft və Fəvvarələr meydanlarında Yeni ilin simvolu hesab edilən yolkalar quraşdırılıb. Bəzəkli yolka ağacları istər böyüklərdə, istərsə də uşaqlarda bayram ovqatı yaradır. Böyüklər yaşıl yolkaya və üstündə sayrışan işıqlara baxıb öz uşaqlıq illərini, yaşıdları ilə onun ətrafında dövrə vuraraq mahnılar oxuduqlarını və Yeni ilin qarşılanma mərasimini xatırlayırlar: “Geyinibsən al-əlvan, budaqların çıraqban…”, “Yolkanın ətrafında çoxlu qız-oğlan, baxırlar işıqlara olurlar heyran”, “Yolkamıza qar ələ, gəl oynayaq əl-ələ”…
Paytaxt Bakı Yeni ili qarşılayır. Gecələr sayrışan rəngbərəng işıqlar bayram ovqatı yaradır, küçədə vitrinlər, evlərdə pəncərələr Yeni il atributları və rəngarəng oyuncaqlarla bəzədilib. Hər yerdə – küçə, park, meydan və xiyabanlarda yaşıl yolkalar bəzədilib, gecələr onun üzərindəki rəngbərəng işıqlar ətrafa xüsusi gözəllik verir. Bulvar ərazisindəki ağac və işıq dirəkləri bayram ovqatında bəzədilib, Yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar – bəzəklər və müxtəlif oyuncaqlar qurulub.
Yeni il atributları, işıqlı çilçıraqlar və digər bəzək vasitələri Bakı sakinlərinin və şəhərimizin qonaqlarının zövqünü oxşayır. Şaxta baba və Qar qız, Santa Klaus, nağıl və cizgi filmi qəhrəmanlarının obrazlarında animatorlar uşaqlara bayram sevinci bəxş edəcək.
Builki Yeni ilin bir özəlliyi də bundadır ki, bu il onu Ağdamda, Kəlbəcərdə, Cəbrayılda, Ağdərədə, Xocavənddə, Füzulidə, Zəngilanda, Şuşada və Xocalıda da qeyd edirlər. Azərbaycan ümidlərlə dolu Yeni ili qarşılayır.
NOCOMMENT.az xəbər verir ki, AZƏRTAC-ın fotomüxbirləri şəhərin Yeni il qabağı görüntülərini lentə alıblar.
Al-əlvan işıqlarla və rəngbərəng oyuncaqlarla bəzədilmiş yaşıl yolkanın ətrafında Şaxta baba və Qar qız gələnlərlə görüşür, xatirə şəkli çəkdirirlər. Yeni il haqqında olan uşaq mahnılarından birinin sədaları pərdə-pərdə ətrafa yayılır:
Dekabrın son günü
Bizə tutub üzünü.
Deyir ürək sözünü
Yeni il gəldi!
2026-cı il yurdumuza qədəm basır. Qədəmləri uğurlu, ayağı sayalı və düşərli olsun!

































