Dələduzluğa məruz qalan şəxs hansı halda əmlakını geri ala bilər? – Vəkil AÇIQLADIbackend

Dələduzluğa məruz qalan şəxs hansı halda əmlakını geri ala bilər? – Vəkil AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar insanları aldadaraq mal varlıqlarını öz adına keçirən dələduzların sayı artıb. Xüsusən də belə hadisələr ahıl və ya əqli geriliyi olan insanların başına gəlir.

Maraqlıdır, həmin şəxs bu imzanı nəticəsinin nə olacağını bilmədən atıbsa, bu zaman nə edə bilər? Dələduzu məhkəməyə verib, mülkünü geri ala bilərmi?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Turan Abdullazadə bildirib ki, qanunda müəyyən hallarda bağlanmış əqdin etibarsız sayılması öz əksini tapıb:

“Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır.Belə ki, Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsızdır. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər”.

Hüquqşünas qeyd edib ki, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər:

“Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsə idi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər.  Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Bu maddədə göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər”.

T.Abdullazadə vurğulayıb ki, bu prosesin həyata keçirilməsi üçün iddia edən tərəf həqiqətən də aldandığını sübuta yetirməlidir:

“Bunu sübut etmək isə düşünüldüyü kimi rahat bir məsələ deyil. Çünki imza şəxsin özünə məxsusdursa, bu təcrübədə çox ciddi problemlərə səbəb olmur. İmza şəxsin özünə məxsus deyilsə və ya zorla çəkdirilmişdirsə, bununla bağlı şəxs imza nümunələrini təqdim edərək məhkəmədə xətşünaslıq ekspertizasının keçirilməsini tələb edə bilər. Məhkəmə-xətşünaslıq ekspertizasını bilavasitə  Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzi keçirir”.