Dəm qazı “terror”u dayanmır – Nə etməli?backend

Dəm qazı “terror”u dayanmır – Nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın enerji təhlükəsizliyi və məişət rahatlığı sahəsində mavi yanacaq əvəzsiz rol oynasa da, onun təhlükəsizlik qaydalarına riayət edilmədən istifadəsi hər il yüzlərlə ailənin faciəsinə səbəb olur. Xüsusilə payız-qış mövsümünün gəlişi ilə dəm qazından zəhərlənmə xəbərləri ölkənin gündəmini zəbt edir. Təkcə son bir neçə gündə ard-arda gələn ölüm xəbərləri məsələnin nə dərəcədə kritik olduğunu bir daha nümayiş etdirdi. Rəngsiz, dadsız və qoxusuz olduğu üçün “səssiz qatil” adlandırılan bu qaz, insan orqanizminə fərq edilmədən daxil olur və cəmi bir neçə dəqiqə ərzində mərkəzi sinir sistemini iflic edərək ölümə yol açır. Problemin bu qədər geniş vüsat alması həm vətəndaş məsuliyyətsizliyini, həm də mənzillərdə qaz cihazlarına texniki nəzarətin zəifliyini yenidən müzakirə obyektinə çevirib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan “Azəriqaz” Səhmdar Cəmiyyətinin sabiq idarə rəisi, mavi yanacaq sahəsi üzrə ekspert Nüsrət Qasımov qeyd edib ki, faciələrin kökündə texniki qaydaların kobud şəkildə pozulması dayanır: “Dəm qazı yanma prosesinin yarımçıq getməsi nəticəsində yaranır. Əgər otaqda kifayət qədər oksigen yoxdursa, təbii qaz tam yanmır və karbon monoksid (CO) ayrılır. İnsanlar çox vaxt vanna otaqlarında ventilyasiyanın vacibliyini unudurlar. Tüstü bacaları təmizlənmədiyi üçün zəhərli qaz geri qayıdır və qapalı məkanda insanı anındaca boğur. Bu gün baş verən hadisələrin 90%-i düzgün qurulmayan tüstü bacaları və havasız mühitlə bağlıdır”.

Mütəxəssisin sözlərinə görə, mənzillərdə standart kənar avadanlıqlardan istifadə dərəcəsi həddindən artıq yüksəkdir: “Xüsusilə ‘beşdəqiqəlik’ adlandırılan su qızdırıcıları ən böyük təhlükə mənbəyidir. Bu cihazların əksəriyyəti kustar üsulla quraşdırılır və ya tüstü borusu mənzilin ümumi bacasına düzgün qoşulmur. Plastik pəncərələrin geniş yayılması isə vəziyyəti daha da pisləşdirib; onlar otağı tam hermetik bağlayır, içəri təmiz hava daxil olmur. Əgər otaqda qaz sobası yanırsa, mütləq nəfəslik açıq qalmalıdır. İnsanlar isə istini qorumaq üçün hər yeri qapayır və özləri üçün ölüm tələsi qururlar”.

O, qeyd edib ki, bu qlobal problemin həlli üçün həm ictimai şüur dəyişməli, həm də dövlət səviyyəsində nəzarət sərtləşdirilməlidir: “Hər bir evdə məcburi qaydada dəm qazı dedektorları quraşdırılmalıdır. Bu kiçik cihaz dəm qazının ən az miqdarını hiss edən kimi siqnal verir və insanın həyatını xilas edir. Nəzarət mexanizmlərinə gəldikdə isə, aidiyyatı qurumlar tərəfindən hər bir mənzilin texniki vəziyyətinə və tüstü bacalarına mütəmadi nəzarət olunmalıdır. Təhlükəsizlik qaydalarına əməl etməyən, qeyri-qanuni qoşulmalar edən abonentlərin qazı dərhal kəsilməlidir. Cəmiyyətdə elə bir mühit yaratmalıyıq ki, təhlükəsizlik qaydası hər kəs üçün qanun olsun”.

Tunar, 
NOCOMMENT.az