2000-ci illərin əvvəllərində, Hizbullah və HƏMAS hücumlarının intensiv olduğu bir dövrdən bəri aktiv şəkildə istifadə olunan “Dəmir Qübbə”nin necə işlədiyi 2024-cü il oktyabrın 1-dən 2-nə keçən gecə İranın İsrailə raket hücumu həyata keçirməsindən sonra yenidən gündəm mövzusuna çevrilib.
NOCOMMENT.az Manset.az-a istinadən xəbər verir ki,”Dəmir Qübbə” Qəzza və İordan çayının qərb sahilindən atıla biləcək raketlərə və ya digər hava hücumlarına qarşı İsrail tərəfindən yaradılmış qabaqcıl hava hücumundan müdafiə sistemidir. İsrail HƏMAS və digər müqavimət qrupları tərəfindən atılan raketlərin vurduğu zərər və insan itkilərini minimuma endirmək üçün bu sistemi 2011-ci ildə tamamlayıb istifadəyə verib.
Bəs “Dəmir Qübbə” necə işləyir?
“Dəmir Qübbə” radar və kameralar vasitəsilə düşmən raketlərini və hava hədəflərini aşkar edir. Sistem hədəfin mümkün təhlükəsini qiymətləndirir. Əgər raketin bir yaşayış məntəqəsinə, strateji obyektə və ya insanlara ziyan vurma ehtimalı varsa, müdafiə sisteminin aktivləşdirilməsi baş verir. Bu istemində uzunluğu 3 metr və diametri 16 sm olan bərk yanacaqlı raketlərdən istifadə edilir.
“Dəmir Qübbə”nin batareyası radar, komanda-idarəetmə mərkəzindən və hər birində 20 tutucu raketi olan 3 buraxılış meydançasından ibarətdir. Onun istehsalçısı bildirir ki, “Dəmir Qübbə” 10 raketdən 8-ni məhv edə bilir.
Onun iş prinsipi aşağıdakı mərhələlərdən ibarətdir:
Aşkar etmə: “Dəmir Qübbə” radar və sensorlar vasitəsilə düşmən raketlərini və hava hədəflərini aşkar edir.
İzləmə: Aşkar edilmiş hədəflər izlənilir və onların uçuş trayektoriyası təhlil olunur.
Hədəfləmə: Sistem, hədəfin mümkün təhlükəsini qiymətləndirir. Əgər raketin bir yaşayış məntəqəsinə, strateji obyektə və ya insanlara ziyan vurma ehtimalı varsa, müdafiə sisteminin aktivləşdirilməsi baş verir.
Atış: “Dəmir Qübbə” hədəfə doğru raketləri atır. Bu raketlər düşmən raketini havada məhv etmək üçün dizayn edilmişdir.
Məhv etmə: Atılan raketlər düşmən raketini havada partladaraq zərərsizləşdirir.
Qeyd edək ki, “Dəmir Qübbə” “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən istehsal olunmuşdur.