Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATLARIbackend

Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 22-də Qvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub.

NOCOMMENT virtualaz.org-a istinadən xəbər verir ki, hücumdan sağ xilas olan baş mühəndis Süha Tatlıgül həmin an baş verənləri danışıb. Bildirib ki, dəniz quldurlarının gəmiyə hücumu zamanı heyət üzvləri kapitanın otağına girərək qapıları bağlayıblar. Lakin quldurlar saatlarla davam edən çalışmadan sonra qapıları aça biliblər.

Xatırladaq ki, Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum edən dəniz quldurları Azərbaycan vətəndaşı olan heyət üzvü, ikinci mühəndis Fərman İsmayılovu qətlə yetiriblər. 15 heyət üzvünü isə girov götürüblər və gəmidən uzaqlaşıblar. Xilas olan gəmi kapitanı və 2 heyət üzvü gəmini Qabon limanına istiqamətləndiriblər.

Süha Tatlıgül deyib ki, quldurların gəmiyə hücumu səhər saat 6 radələrində başlayıb. “Kapitan otağına girib qapıları içəridən bağladıq. 6-7 saat qapıları qırmağa çalışdılar. Saat 13:30 radələrində laqonda ilə kəsib içəri keçdilər. Mən qapının açıldığını görəndə lyuku açıb aşağı tullandım, qaranlıq yerdə gizləndim. İçəri girən kimi atəş açdılar. Azərbaycan Türkü olan ikinci mühəndisimiz öldü. 14:30 radələrində sakitlik yarandı. Heyət üzvlərindən biri quldurların getdiyini xəbər verdi, çölə çıxdım. Dərhal mühərrikləri işə salıb yola çıxdıq”, – deyə türkiyəli dənizçi bildirib.

Gəmi dünən axşam saatlarında Qabonun Port-Gentil limanı sahillərinə yan alıb. Türkiyənin Liberiyadakı səfiri Nilufer Erdem Kayğısız “Anadolu” agentliyinə bildirib ki, qayıqlarla gəmiyə yan alacaqlar və azərbaycanlı dənizçinin cənazəsini götürəcəklər. Cənazə əvvəlcə morqa aparılacaq, daha sonra Azərbaycana yola salınması üçün zəruri tədbirlər görüləcək.

Quldurların qaçırdığı 15 heyət üzvünün hamısı Türkiyə vətəndaşıdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dənizçilərin xilas edilməsi üçün bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıq verib, Türkiyənin Nigeriya və qonşu ölkələrdəki səfirlikləri hərəkətə keçiblər. Quldurların dənizçiləri hansı istiqamətə apardığı hələ məlum deyil. Bir qayda olaraq afrikalı dəniz quldurları qaçırdıqları dənizçilərə görə iri məbləğdə pul tələb edirlər.