Deputat Bəhram Bağırzadəni Vəzirova BƏNZƏTDİbackend

Deputat Bəhram Bağırzadəni Vəzirova BƏNZƏTDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təsəvvür edə bilmirəm ki, ölkənin ictimai həyatında tanınan, çoxsaylı pərəstişkarı olan Bəhram Bağırzadə bölgələrdən gələn bacı-qardaşlarımız haqqında aşağılayıcı fikirlər səsləndirsin. Hətta oxuyanda gözlərimə inana bilmədim. Necə yəni Bakı bakılılar üçündür? Bu nə cür təfəkkürdür”.

NOCOMMENT.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputat Əməkdar artist Bəhram Bağırzadənin regiondan paytaxta gələn insanlar haqqında səsləndirdiyi fikirlərə etirazını bildirirək, onun üzr istəməsini tələb edib.

“Bilirsiniz, bəzən insan uzun illər özünə cəmiyyətdə hörmətli yer tutur, nüfuz qazanır, sonra düşünməyərək, ehtiyatsızlıqdan və ya hər hansı hərəkətdən bütün qazandıqlarını itirir. Bakı əhalisini mənsub olduğu bölgəyə görə araşdırsaq, mütləq hansı mərhələdəsə bölgə və ya kəndlərlə bağlı olduğunun şahidi oluruq. Bu cür düşüncədən insanları dəyərləndirənlər vaxtilə qısa müddət Azərbaycana rəhbərlik etmiş və aqibətini xalq müəyyən etmiş Vəzirov zehniyyətindən başqa bir şey deyil. Ölkəmizin ən ağır günlərində erməni təcavüzü nəticəsində həm Qərbi Azərbaycandan, həm də Qarabağdan doğma yurdlarından qovulmuş soydaşlarımıza Vəzirovun münasibəti də eyni Bəhram Bağırzadənin yanaşması kimi idi.

Ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin milli birlik və həmrəylik naminə apardığı siyasət və onun uğurlu nəticələri bu gün bütün dostlarımızı sevindirir, düşmənlərimizi isə xar edir. Məhz Müzəffər Ali Baş Komandanımız ətrafındakı monolit birlik və həmrəylik 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfəri şərtləndirən əsas amillərdən idi. Biz şəhidlərimizi və qazilərimizi bölgələrə və etnik mənsubiyyətə ayırmırıq. Onların hər biri başımızın tacıdır. Sənəti parodiya və reklama çəkilmək olan Bəhram Bağırzadə, görünür, özünü xalqdan ayrı, ali bir irq hesab edir. Mən və seçicilərim də onun üzr istəməsini gözləyirik”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin rayondan Bakıya gələn vətəndaşlarla bağlı səsləndirdiyi fikirlər xoş qarşılanmayıb. Tanınmış aktyorun rayondan gələnləri aşağılayan açıqlaması sosial şəbəkələrdə etiraz doğurub.

“Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsünüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz”,- B.Bağırzadə tənqidlərə tuş gələn açıqlamasında bu fikirləri səsləndirib.