Deputat “Azərsu” ASC-ni Sumqayıtın su probleminin həllinə çağırdı – VİDEObackend

Deputat “Azərsu” ASC-ni Sumqayıtın su probleminin həllinə çağırdıVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, 43 saylı Sumqayıt 3-cü seçki dairəsindən seçilmiş Millət Vəkili Emin Hacıyev parlamentdə uzun illərdir həllini tapa bilməyən Sumqayıt şəhərinin içməli su və istilik problemlərinə toxunub.

“Bu günlərdə möhtərəm cənab Prezident İlham Əliyev Sumqayıt şəhərində müasir işıqlandırma sistemlərinin quraşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu, ölkə rəhbərimizin Sumqayıt sakinlərinə diqqət və qayğısının növbəti təzahürüdür. Buna görə seçicilər adından cənab Prezidentə təşəkkür edirəm.

Sumqayıt şəhəri bu gün sənaye mərkəzi kimi inkişaf edir, şəhərin infrastrukturu yenilənir, abadlaşır. Eyni zamanda problemlər də var. Fürsətdən istifadə edərək, buradan seçicilərimin iki problemini aidiyyatı orqanlara çatdırmaq istəyirəm. Təmsil etdiyim 43 saylı Sumqayıt 3-cü seçki dairəsində keçirdiyim görüşlər və mənə edilən çoxsaylı müraciətlər zamanı seçicilər suyun fasilələrlə və aşağı təzyiqlə verilməsindən şikayət edirlər.

Suyun təzyiqinin aşağı olması su xətlərinin köhnə olması, suyun yüksək təzyiqinə görə baş verə biləcək qəzanın qarşısını almaq üçün azaldılması ilə izah olunur. Bu su xətləri təxminən 40 il əvvəl binalar inşa edilərkən çəkilib. Amma, isti yay günlərində, özü də COVİD-19 infeksiyası ilə mübarizədə şəxsi gigiyenanın vacib olduğu, suya təlabatın artdığı bir dönəmdə, sumqayıtlıların su probleminin həlli zəruridir.

Mən buradan müvafiq qurumlara, “Azərsu”nun səlahiyyətli şəxslərinə müraciət edərək xahiş edirəm ki, Sumqayıtda əhalinin sayının artmasını nəzərə alaraq, sakinlərin içməli suya olan tələbatını tam təmin etmək üçün bu məsələ ciddi araşdırılaraq tədbir görülsün, problem həllini tapsın.

Bu gün Sumqayıt şəhərində daha bir aktual məsələ çoxmənzilli binaların istilik problemidir. Sumqayıtda layihə üzrə mərkəzləşdirilmiş istilik sisteminə qoşulmalı olan yaşayış binalarından indiyədək yalnız 263-ü, yəni 28 faizində istilik təmin olunub. 680 binada, yəni 72 faizində isə istilik problemi var. Bu binaların mərkəzləşdirilmiş istilik sisteminə qoşulmaması payız-qış mövsümündə əhali üçün böyük çətinliklər yaradır. Havalar soyuyan kimi sakinlər evlərini qızdırmaq üçün qazdan və elektrik enerjisindən istifadə edir. Bu isə müxtəlif qəzalara vəsakinlər üçün əlavə məsrəflərə səbəb olur. Bu gün Sumqayıtda istilik sisteminin yenidən qurulmasına, 36 yeni qazanxananın tikilməsinə ehtiyac var.

Regionların İnkişafı üzrə Dövlət Proqramında Sumqayıt şəhərindəki binaların istilik təchizatı məsələsi öz əksini tapıb. Amma 2020-ci ilin dövlət büdcəsində investisiya layihələri istiqamətində bu vəsait nəzərdə tutulmayıb. Hökumətə müraciət edərək, Sumqayıt sakinlərinin istilik enerjisinə tələbatının etibarlı şəkildə təmin edilməsi və istilik xətlərin yenidən qurulmasının bir daha nəzərdən keçirilməsini, bunun üçün dövlət büdcəsindən müvafiq maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm.

Qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyevin göstərişilə Sumqayıt şəhərinə çəkilən yeni alternativ qaz xətti şəhərin istilik təchizatının tam bərpa edilməsi və qazanxanaların fasiləsiz qazla təmin olunması üçün böyük əhəmiyyət daşıyır”, deyə deputat bildirib.

https://youtu.be/MARvy0Du6Zo