Deputat tənqid olunan çıxışından danışdı: Danışıq stilim belədir – VİDEObackend

Deputat tənqid olunan çıxışından danışdı: Danışıq stilim belədir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Rüfət Quliyev qiymət artımı ilə bağlı Milli Məclisdəki çıxışının sosial şəbəkə istifadəçilərinin sərt tənqidinə məruz qalmasından danışıb.

NOCOMMENT.az xəbər verir ki, yenisabah.az-a açıqlama verən deputatın sözlərinə görə, o, işlətdiyi ifadələrdə ironiyanı əsas tutub:

“Bu gün dünyada ironiya ən böyük silahdır. Çıxışların təsirli olması üçün istifadə edilən ən güclü üsuldur. Mənim çıxışlarımın çoxu da bu əsasda qurulur. Bununla mən fikrimi lazimi adamlara, məmurlara, supermarketləri, dükanları idarə edənlərə və.s. çatdırıram. Mənə tənqidlər olsa da, bu fikrimə yazılan 100 şərhdən təxminən, 85-90-nı müsbətdir. Həmin insanlar mənim əslində, nəyi nəzərdə tutduğumu başa düşdülər. Fikrimin də əsas məğzi bəzi sahibkarları insanları aldatmasından çəkindirmək idi. Piştaxtada qiyməti ən ucuz göstərilən mal belə, kassada yəqin ki, bilməyərəkdən deyil, qəsdli şəkildə 25-30 faiz, bəlkə də, ondan da çox qiymətə vurulur. Çıxışımla bu cür oyunların qabağını almağa çağırmışam. Bəzi sahibkarlar da bu formada insanları aldatmağın yolverilməzliyini anlamalıdırlar. Mən çıxışımda heç bir qəbahət görmürəm. Mənim danışıq stilim belədir. Əgər insanlar mənim elmi çıxışlarıma da qulaq assalar, elmi üslubda da danışığıma şahid olarlar. Amma bu, sarkazmdır. Sözlərin məcazi mənada deyilməsidir. Bunu da hər kəs bildiyi kimi qəbul edə bilər. Mən nitqimdə istehlakçıların maraqlarını müdafiə edirdim”.

O, fikirlərinə belə davam edib:

“Bu gün ümumiyyətlə, bakuş satılırmı? Bir neçə gənc deputat mənə yaxınlaşıb bakuşun nə olduğunu soruşub. Yetim-yesir ifadəsinə gəldikdə isə, mən ən ucuz malı kiməsə vermək üçün alanda da insafsızlığın tüğyan etdiyini nəzərdə tuturdum. Supermarketdə işləyənlərin insafı olmalıdır. 1 manat 40 qəpiklik məhsulun üzərinə əlavə qiymət qoymaqla aldatmaq düzgün deyil”.

Sosial şəbəkələrdə yayılan deputatın çıxış videosunda “yetim-yesirə bakuş almaq üçün” ifadəsini işlətməsini doğru hesab etməyən izləyicilər paylaşımın şərh yerində “bakuşu niyə öz övladına almırsan?!”, “digərlərini niyə yetim-yesir gözündə görürsən?!” kimi sərt tənqidi suallar veriblər.