Deputatdan TƏKLİF: Dövlət müəssisələri mütləq  özəlləşdirilməlidirbackend

Deputatdan TƏKLİF: Dövlət müəssisələri mütləq özəlləşdirilməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev ötən həftə keçirdiyi müşavirədə Dövlət Neft Şirkəti, “Azərenerji” və AZAL-ın fəaliyyətindən danışmışdı.

Dövlət başçısı adıçəkilən qurumlarda aşkarlanan nöqsanları sərt tənqid etmişdi: “Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir.

Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir”.

Maraqlıdır, ölkə başçısının tənqid etdiyi şirkətlər özəlləşdirilə bilərmi?

NOCOMMENT xəbər verir ki. mövzu barədə modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov şirkətlərin tam özəlləşdirilməsinin mümkün olmadığını qeyd edib.

Eyni zamanda, deputat özəlləşdirmənin müəyyən xidmət növlərində aparılmasının mümkünlüyünü bildirib: “Ancaq adıçəkilən şirkətlərin müəyyən xidmət növləri var ki, onlar mütləq özəlləşdirilməlidir. Bu barədə çoxdan söhbət gedir. Həm Milli Məclisin iclaslarında, həm də mətbuatda bu məsələlərə neçə dəfə toxunmuşuq. Belə iri şirkətlərin xidmət və istehsal sahələri o qədər də strateji əhəmiyyət kəsb etmir. Hesab edirəm ki onlar mütləq özəlləşdirməyə çıxarılmalıdır”.

Parlamentari yeni yaradılan Azərbaycan İnvestisiya Holdinqindən də söhbət açıb: “Cənab prezidentin yaratdığı Azərbaycan İnvestisiya Holdinqinin əsas vəzifələrindən biri bu sahələrdə ciddi struktur islahatlarının aparılmasından ibarət olacaq. Struktur islahatlarının getməsi nizamnamədə də öz əksini tapıb. Bu şirkətlərin əksəriyyəti strateji əhəmiyyətli sahələrdir. Amma o sahələrdə elə hissələr var ki, heç bir strateji əhəmiyəti yoxdur. Düşünürəm ki, onları özəl şirkətlərə vermək olar. Özəl şirkətlər də o sahələri işlədəcəklər və lazım olanda gedib kredit götürəcəklər. Bu zaman dövlətin zəmanətinə ehtiyac olmayacaq. Bir sözlə, yükü dövlətin üzərindən götürəcəklər”.