Deputatın istirahət mərkəzində təntənəli Yeni il şənliyi – Günü 300 AZNbackend

Deputatın istirahət mərkəzində təntənəli Yeni il şənliyi – Günü 300 AZN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusla bağlı sərtləşdirilmiş karantin rejiminin hökm sürməsinə baxmayaraq, Lerikin deputatı, iş adamı İqbal Məmmədovun qalmaqallı “Relax” ailəvi istirahət mərkəzində yeni il şənliyinə ciddi hazırlıq işləri gedir.

NOCOMMENT.az BakuPost-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Şəbəkə istifadəçiləri tərəfindən etirazla qarşılanan yeni il şənliyinin keçiriləcəyi günlər 30-31 dekabr və 1 yanvar tarixlərini əhatə edir. Nəzərə alsaq ki, hazırda ölkəmizdə hökm sürən sərtləşdirilmiş karantin rejimi 18 yanvaradək davam edəcək, o zaman bu tədbirin hansı əsasla, nəyə görə, kimlər tərəfindən təşkil olunduğu sual altında qalır.

Deputat İqbal Məmmədov
Deputat İqbal Məmmədov

Həmçinin, ölkə üzrə COVID-19-a yoluxma sayı günbəgün artmaqdadır. Xəstəliyin son günlərdə yüzlərlə can aldığı və tibb dünyasının həyəcan təbili çaldığı bir vaxtda insanları bir yerə toplayaraq bayram təşkil etmək nə dərəcədə doğrudur?

Bundan başqa, Vətən uğrunda döyüşən oğullarımızın hələ də şəhid olmaları ilə bağlı xəbərlər gəlməkdədir. Bəs belə bir vaxtda bu nə şənlik, bu nə bayramdır?

Bütün sadalananları nəzərə alaraq, düşündük ki, ola bilsin, elan yalandır. Buna görə də müştəri qismində elanda yerləşdirilən telefon nömrəsi ilə əlaqə saxladıq. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı.

Zəngimizə cavab verən şəxs “Bəli, dekabrın 30-31-i və yanvarın 1-i üçün nəzərdə tutulmuş hədiyyəli paketimiz var. Qiymət 2 nəfər üçün 300 manat təşkil edir. Məbləğə yalnız səhər yeməyi daxildir”, – deyə bildirdi.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev açıqlamasında bildirib ki, belə bir hal baş verərsə, həmin şəxslər cəzalandırılacaq:

“Son günlər ictimai iaşə obyektlərində, o cümlədən restoran və əyləncə mərkəzlərində 31 dekabr – Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı ilə əlaqədar şənliklərin təşkili və keçirilməsi ilə bağlı elanlar verilir.

Diqqətə çatdırırıq ki, COVID-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması məqsədilə kütləvi şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsi yolverilməzdir. Vətəndaşlarımızı belə kütləvi tədbirlərə iştirakla bağlı hər hansı elana və dəvətlərə inanmamağa, xüsusi karantin rejim qaydalarına əməl etməyə çağırırıq.

Tətbiq edilən xüsusi karantin rejimi dövründə kütləvi tədbirlərin, şənliklərin, konsert proqramlarının təşkili və keçirilməsinə cəhdlərin qarşısı tərəfimizdən qətiyyətlə alınacaq, heç bir kütləvi tədbirin keçirilməsinə imkan verilməyəcəkdir. Hər hansı belə fakt aşkarlanacağı təqdirdə təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar”.

Məlim olduğu kimi, ötən il “Relax” istirahət mərkəzinin rəhbərliyində təmsil olunan bir qrup şəxs oraya yoxlama üçün gedən Vergilər Nazirliyi əməkdaşlarına müqavimət göstərmişdilər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılmışdı. Buna baxmayaraq, dövlət qurumunun nümayəndələrinin vəzifələrini icra etməsinə imkan verilmədi və qarşıdurma yaranmışdı. Nəticədə İ.Məmmədovunoğlu və bir neçə qohumu həbs edilmişdi.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” müəyyən edilib.

Həmin Siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər. Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər. Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır.