Deputatın satdığı şirkət 8,6 milyonluq tender uddubackend

Deputatın satdığı şirkət 8,6 milyonluq tender uddu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 3 tender müsabiqəsinin qalibləri məlum olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, tender müsabiqələrinin qalibləri “Avromed Company” QSC (VÖEN – 1500166751), “Referans Pharmaceuticals” MMC (VÖEN – 1502717001) və “Zeytun Pharmaceuticals” MMC (VÖEN – 1701688171) olub.

“Avromed Company” QSC İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinə 8 milyon 572 min 167 manat 82 qəpik, “Referans Pharmaceuticals” MMC 15 milyon 862 min 953 manat 49 qəpik, “Zeytun Pharmaceuticals” MMC isə 3 milyon 399 min 200 manat 16 qəpik dəyərində dərman vasitələri satacaq.

Qeyd edək ki, “Avromed Company” QSC 20.12.2001-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 57 min manat olan QSC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər pr., ev 153-də yerləşir. QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Kamran İsgəndərov bu ilin fevral ayında şirkətə baş direktor təyin olunub. Bundan əvvəl şirkətin direktoru Kamran Aqasi olub. Bu şəxs 2020-ci ilin mart ayının 10-dan etibarən “Avromed Company” QSC-yə rəhbərlik edib. Bundan əvvəl isə Kamran Aqasi ölkənin ən böyük holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda (Neftçilər pr., ev 153) qeydiyyatda olan “Agro Dairy” MMC-nin direktoru olub.

Onu da bildirək ki, uzun illər mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilib. Cavanşir Feyziyevin rəsmi tərcümeyi halında da millət vəkilinin 2002-2010-cu illərdə “Avromed”in baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada isə qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb: “Beləliklə, dörd ildən çoxdur ki, cənab Feyziyevin şirkətimiz və onun rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur”.

15,7 milyon manatlıq tenderi udan “Referans Pharmaceuticals” MMC 21.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nəsimi rayonu, Ak. Mirəli Qaşqay, ev 76” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Əliyev Abbas Famil oğludur.

3,4 milyonluq tenderi udan “Zeytun Pharmaceuticals” MMC isə 09.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat olan şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev, ev 21C” olaraq göstərilir. MMC-nin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.