Milli Məclisin son iclaslarında millət vəkillərinin ən çox gileyləndiyi məsələlərdən biri də vətəndaşlarla onların arasında uçurumun olmasıdır. Düzdür, parlamentdə bu məsələ təzəlikcə müzakirə olunsa da, belə giley-güzar cəmiyyətdə ta əzəldən mövcud olan haldır.
Təsadüfi deyil ki, artıq deputatlar da vətəndaşların onlara inamının azaldığını dilə gətirirlər. Təbii ki, bu da seçicilərlə millət vəkilləri arasında etibar və etimad hissini azaldır.
Bəs problemin kökündə nə dayanır? Deputat – seçici münasibətlərində qarşılıqlı etimad hissi niyə bu səviyyəyə enib?
NOCOMMENT.az xəbər verir ki, mövzunu konkret.az-a dəyərləndirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, bu uçurumun əsas səbəbi deputatların böyük əksəriyyətinin saxta yolla seçilməsi ilə bağlıdır: “Onlar xalqın içindən çıxmayıblar, xalqla ünsiyyətdə olub, xalq tərəfindən seçilməyiblər. Birinci səbəb budur.
İkinci səbəb isə odur ki, deputatlar da xalqdan qaçır. Onlar nə vaxt xalqın içində oldular ki, xalqla ünsiyyət qura bilmədilər? Biz ayrı-ayrı rayonlara gedəndə deputatları bizdən soruşurlar. Mən partiya sədriyəm, ancaq 10-15 deputatın adını bilərəm, ya bilmərəm. Çünki bu insanların aktiv fəaliyyəti nəzərə çarpmır”.
Müsahibimiz əlavə edib ki, Azərbaycanda bir növ şəxsiyyət qıtlığı var: “Ölkədə 100-dən çox deputat var və bu insanları seçildikləri rayonlarda hər kəs tanımalıdır. Təəssüf ki, belə deyil və bu da onların yarıtmaz fəaliyyətləri ilə bağlıdır. Ona görə də xalq millət vəkillərinə nə inanır, nə də etimad göstərir”.
Partiya lideri növbəti seçkilərin daha demokratik keçiriləcəyinə əminliyini də ifadə edib: “Biz inanırıq ki, gələcəkdə bölgələri, oranın insanlarını yaxşı tanıyan şəxslər parlamentdə təmsil olunacaq. Və onlar da öz üzərilərinə düşən vəzifəni normal yerinə yetirəcəklər. Yalnız belə olduğu halda, xalq da onlara etimad göstərəcək, hansısa problemi ilə bağlı dəstək umacaq”.