Deputatlar qurban kəsəcəkmi? – “Ailəmizdə dindar yoxdur”backend

Deputatlar qurban kəsəcəkmi? – “Ailəmizdə dindar yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ailəmizdə dindar yoxdur. Lakin biz islami dəyərlərə çox yüksək dəyər verən, onun adət-ənənələrinə hörmət bəsləyən insanlarıq. Bu baxımdan bu il də ailəmiz adından xırdabuynuzlu bir erkək heyvan kəsib, imkansız ailələr arasında böləcəyik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında deputat Fəzail Ağamalı Qurban bayramıyla bağlı fikirlərini bölüşərkən deyib:

“Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirəm. Ulu Yaradandan dualarımız və qurbanlıqlarımızın qəbul edilməsini arzu edirəm. Gün o gün olsun ki, işğaldan azad edilmiş bütün torpaqlarımız abadlaşsın, gözəlləşsin. Ora hər bir azərbaycanlının səfəri reallaşa bilsin.

Mən millət vəkili kimi həm də seçilmiş olduğum Salyan Neftçala seçki dairəsindən imkansız ailələrə qurban payı göndərirəm. Bu, artıq bizim dəyişilməz və adət-ənənəyə çevrilən yanaşmamızdır”.

Zahid Oruc isə bildirib ki, Qurban bayramı ehtiyaclı insanlara kömək etmək, imanlı və inamlı mühit formalaşdırmaq üçündür:

“Qurban bayramının tarixi min illəri əhatə edir. Bu bayram ehtiyaclı insanlara kömək etmək, imanlı və inamlı mühit formalaşdırmaq üçündür. Qurban bayramını Vətən Müharibəsi qələbəmizin artıq ikinci ilində qarşılayırıq. Bu özlüyündə həmin ilahi bayrama başqa məna qatır. İllərlə torpaqların qayıtması üçün edilən dualar qəbul olunub. Yüzminlərlə qaçqın-köçkünlərin doğma torpaqlara qayıtmasını istəyirdik. Bu dualar gerçəkləşib.

Möhtərəm prezidentimiz İlham Əliyev və Mehriban xanımın birgə təşəbbüsüylə ölkənin bütün ərazilərində qurban tədbirləri həyata keçirilir. Mən özüm də ötən illər ərzində təmsil etdiyim bölgədə belə mərasimlərə qatılmışam. Özüm də bilavasitə qurban kəsmişəm və orada olan sovqat ehtiyaclı insanlara paylanılıb. Amma bunun heç zaman ictimailəşməsinin tərəfdarı olmamışam. Bu, bayramın prinsipləri ilə uzlaşmayan addımdır. Bizim üçün burada “bir əlin verdiyini digər əl bilməməlidir” kimi prinsip var. Sabah da hər il olduğu kimi qurban kəsəcəyik.

Xalqımızı bayram münasibətiylə təbrik edir, dualarının da qəbul olmasını diləyirəm” – Zahic Oruc fikirlərini tamamlayıb.