Deputatların maaşı 10 min manata çata bilərbackend

Deputatların maaşı 10 min manata çata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, deputatların maaşı kəskin – 43% artırılır, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə veriləcək.

Hazırkı qanunvericiliyə əsasən, Milli Məclisin sədri Sahibə Qafarova 2 475 manat miqdarında aylıq vəzifə maaşı alırdı. Dəyişiklik olarsa, onun əməkhaqqı nə az, nə çox 43,43%, yəni 1 075 manat artacaq. Bununla da, MM sədrinin aylıq vəzifə maaşı 3 550 manat olacaq.

Bundan əlavə, təklif olunan dəyişikliyə əsasən, Milli Məclisin sədri hər ay vəzifə maaşının iki misli məbləğində maaşa əlavə alacaq. Dəyişiklik qəbul olunarsa, bir ay ərzində Milli Məclisin sədrinin rəsmi gəlirləri 10 650 manat olacaq.

Maaş artımı sıravı deputatlardan tutmuş, Milli Məclisin sədr müavinləri, komitə sədrlərinə qədər hamıya şamil olunacaq.

Belə ki, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli bu dəyişikliyə qədər aylıq 2 227.5 manat əməkhaqqı alırdısa, qanun qəbul olunduqdan sonra onun rəsmi maaşı 3 195 manat olacaq. Bu məbləğin üzərinə hər ay vəzifə maaşının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə bu rəqəm 9 585 manata çatacaq.

MM-in sədr müavinləri Adil Əliyev və Fəzail İbrahimlinin maaşları isə 2 103.75 manatdan 3 017.5 manata qalxacaq. Bu məbləğin üzərinə onların hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə onların gəlirləri 9 052.5 manata yüksələcək.

Milli Məclisin komitə və komissiya sədrlərinin əməkhaqları 1 980 manat idisə, bundan sonra bu məbləğ 2 840 manat olacaq. Bu məbləğin üzərinə hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə bu rəqəm 8 520 manat çatacaq.

Milli Məclisin komissiya sədrinin müavinlərinin də əməkhaqları 1 856,25 manatdan 2 662.5 manata çatdırılır. Bu məbləğin üzərinə onların hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə onların gəlirləri 7 987.5 manat təşkil edəcək.

Sıravi deputatların maaşları da 43% artırılır. Belə ki, bu günə qədər 1 732.5 manat əməkhaqqı alan deputat, bundan sonra 2 485 manat vəsait alacaq. Bu məbləğin üzərinə onların hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə olunanda isə onların gəlirləri 7 455 manata yüksələcək.

Deputatların əmək haqlarının artırılması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Belə ki, bu artıma qədər deputatla ölkədə minimum əmək haqqı (300 AZN) alan vətəndaşın gəlirləri arasında 11.5 dəfə fərq var idisə, bundan sonra bu rəqəm 24,85 dəfəyə çatacaq.

Məlumat üçün bildirək ki, deputatların gəlirlərinin vergiyə cəlb olunan hissəsi yalnız vəzifə maaşlarıdır. Belə ki, onlara verilən vəzifə maaşına əlavələrdən vergi tutulmur.

Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda əhalinin əməkhaqları bu ilin yanvar ayında 10-20% civarında artırılmışdı.