Azərbaycanda yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq kirayə bazarında canlanma yaranıb. Belə ki, tələbələrin axını paytaxtda kirayə mənzilə tələbatı artırıb və nəticədə qiymətlər artıb.
NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc İqtisadiyyat.az-a açıqlamasında deyib ki, əvvəlki illərdən fərqli olaraq bu il təkcə mövsümi bahalaşma prosesi getmir.
Onun sözlərinə görə, nəinki qiymətlər azalıb, hər il olduğu kimi bu il də bölgələrdən tələbə adını qazananların Bakıya axın etməsi paytaxtın kirayə mənzil bazarında qiymətləri artırıb.
Mütəxəssis deyib ki, kirayə mənzil bazarında bahalaşmada bu amilin böyük rolu var: “İqtisadiyyatın qızıl qaydasıdır ki, tələbat artırsa, qiymətlər də yüksəlir. Bu il kirayə evlərin qiymətinin bahalaşmasına təsir göstərən başqa amillər də var. Bunlardan birincisi, Azərbaycanın gündən-günə böyüyən iqtisadiyyatıdır. Digəri isə Azərbaycanın investisiya cazibədarlığının artması və buna uyğun olaraq xarici vətəndaşların ölkəmizdə daşınmaz əmlaka xüsusi maraqla yanaşamasıdır. Eyni zamanda Bakıda və 30 ildən artıq işğal altında qalan torpaqlarımızın azad edilməsindən sonra həmin rayonlarda bərpa-quruculuq işləri getdiyinə görə müxtəlif şirkətlər ölkəmizə axın edir və bu da kirayə mənzil bazarında da qiymətlərin artmasına təsir göstərir”.