Devalvasiya ilə bağlı iddialar nə qədər realdır? – “Bu məzənnə uzun dövrü əhatə edə bilməz”backend

Devalvasiya ilə bağlı iddialar nə qədər realdır? – “Bu məzənnə uzun dövrü əhatə edə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddətdir ki, Azərbaycanda devalvasiya olacağı, dolların qiymətinin artacağı barədə informasiyalar, şayiələr dolaşır. Son olaraq belə həyəcanlı xəbər iki gün öncə media və sosial şəbəkələri bürüdü.

Həmçinin, bir çox banklar iki gün ərzində dollar satışını da məhdudlaşdırdılar. Mərkəzi Bank dollar satışında məhdudiyyət tətbiq edilmədiyini bəyan etsə də, bir çox banklarda 20-21 avqustda vətəndaşlara dollar satılmayıb və ya 100 dollardan çox verilməyib.

Bu ajiotajın səbəbi nədir? Azərbaycanda dolların bahalaşması, devalvasiya ehtimalı varmı?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, adətən istənilən məhsula tələbin qəfildən kəskin artması və bir neçə gün ərzində bu dinamikanın qalması, daha sonra prosesin səngiməsi burada spekulyativ davranışların olduğundan xəbər verir:

“Məhz spekulyasiyanın nəticəsi olaraq belə halın yaşanması mümkündür. Təbii ki, spekulyativ davranışlar nəticədə ajiotaj yaradır və daha sonra gücləndirir. Belə hallarda mütləq şəkildə tələbin qarşılanmasına ehtiyac var. Çünki süni artırılmış tələb qarşılanmayacağı təqdirdə müəyyən ajiotaj yarada bilir. Bu da nəticədə real tələbi artıra bilir. Ona görə də düşünürəm ki, bütün hallarda dollara olan tələbin ödənilməsi lazım və mütləqdir. Heç bir halda hansısa təsərrüfat subyektinin bundan imtina etməsinə imkan vermək olmaz. Çünki bu real problemlər ortaya çıxara və dollara olan tələbatı kəskin artıra bilər”.

Azərbaycanda dolların bahalaşması və devalvasiya olması ehtimalı haqqında da danışan iqtisadçı bildirib ki, hazırda devalvasiyanın olmasını məcbur edən heç bir şərait yoxdur:

“Manatın dollara olan nisbətdə məzənnə siyasəti bilavasitə inzibati yollarla tənzimlənir. Mərkəzi Bank tərəfindən bir hədd müəyyənləşdirilib və dayanıqlı saxlanılıb. Yalnız o zaman real devalvasiya təhlükəsi yarana bilər ki, neftin qiymətləri kəskin aşağı düşür, ölkəyə valyuta daxil olması azalar, dollara tələbat artar, eyni zamanda valyuta ehtiyatlarında azalma baş verər. Belə olanda dollara olan tələbatın qarşısında dövlət çətinliklər yaşamağa başlayar. Lakin hazırda istər neftin qiyməti, istər ölkənin valyuta ehtiyatları, istər ticarət balansında olan göstəricilər ciddi bir problemin olmadığını deməyə əsas verir. Yəni, devalvasiyanın olmasını məcbur edən bir şərait yoxdur. Bununla belə birmənalı olaraq devalvasiyanın olub-olmaması ilə bağlı nə isə demək doğru olmaz. Bu ilin sonuna qədər devalvasiyanın olacağını gözləmirəm. Növbəti ildə isə bu məzənnə davamlı və uzun dövrü əhatə edə bilməz”.

Eldəniz Əmirovun sözlərinə görə, hər bir ölkənin milli valyutasının arxasında ilk növbədə həmin ölkənin iqtisadiyyatı, daha sonra isə dövlət dayanır:

“İqtisadiyyatı çox güclü olan ölkələrdə milli valyutanın dayanıqlı olmasında dövlət o qədər də böyük güc sərf etmir. Amma inkişaf etməkdə olan və zəif inkişaf etmiş ölkələrdə isə milli valyuta daim təzyiq altında olur. Bunun da əsas səbəbi ticarət balansının göstəricilərindən və digər makro iqtisadi vəziyyətdən asılı olur. Ticarət balansının durumu milli valyutaya təsir göstərən ən başlıca faktorlardan biridir. Azərbaycanda hazırda ticarət balansının müsbət olması ölkədə manata olan təzyiqin qarşısının alınmasına imkan verir”.