Dini Komitə: İranda dini təhsil almaq məqsədəuyğun deyil!backend

Dini Komitə: İranda dini təhsil almaq məqsədəuyğun deyil!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dini etiqad azadlığı haqqında qanuna əsasən, xaricdə dini təhsil alan şəxsin din xadimi təyin olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Amma Azərbaycanda dini təhsil almış şəxs üçün belə bir tələb yoxdur.

Qanunvericiliyin bu tələbi dövlətin xaricdə dini təhsil almağa münasibətini göstərir. Başqa sözlə, istər İran, istər başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur”.

NOCOMMENT xəbər verir ki, bunu modern.az-a açıqlamasında İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda azərbaycanlı gənclərin İranda təhsil almasına qadağa qoyulması ilə bağlı çağırışlara münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

“Bəzən deyirlər ki, niyə xaricdə məsələn, riyaziyyat, mühəndislik, tibbi təhsil alanlar gəlib rahat işləyə bilər, amma dini təhsil alanlara məhdudiyyət var? Çünki riyaziyyat, tibb, mühəndislik ideoloji sahə deyil, elmdir. Amma din tək elm deyil, həm də ideologiyadır.

Dini təhsil hər bir dövlət üçün ciddi və həssas məsələdir. Çünki bu sahə dövlətin və cəmiyyətin ideoloji, ictimai və milli təhlükəsizliyi ilə bağlıdır. Bu reallıq nəzərə alınaraq, mövcud qanunvericilik bazasına vaxtı ilə dini təhsillə bağlı müddəa salınıb.

Başqa sözlə, istər İran, istər başqa ölkə olsun, xarici dini təhsil almaq məqsədəuyğun hesab olunmur.

Ölkə daxilində dini təhsilin nə qədər önəmli olduğu nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Bu institutda nəinki təhsil pulsuzdur, hətta tələbələr yemək, paltar, yataqxana və təqaüdlə təmin olunur. Bu gün qarşıya qoyulmuş məqsəd ölkədə dini təhsilin səviyyəsini ilbəil qaldırmaq, yüksək ixtisaslı kadrlar hazırlamaqdır.

Bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq qurumlarla, o cümlədən dini konfessiyalarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə yaxından əməkdaşlıq edir, birgə çalısır.

Biz ölkədə dini təhsili elə səviyyəyə qaldırmaq istəyirik ki, gənclərimiz istər maddi, istər mənəvi, istərsə də təhsilin keyfiyyətinə görə xaricdə dini təhsil almaqda maraqlı olmasınlar.

Bir sözlə, dini təhsil sahəsində hüquqi məhdudiyyətlərlə yanaşı, ölkədə dini təhsilin keyfiyyətinin yaxşılaşdırılması ən doğru seçilmiş yoldur”.