Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir – RƏYbackend

Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dini tolerantlıq Azərbaycanın dövlət siyasətinin tərkib hissəsi, xalqımızın həyat tərzidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri report-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Azər Badamov deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus harmoniya yaradır:

“Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra ölkəmizdə yaşayan bütün dini konfenssiyalara böyük hörmətlə yanaşılıb, hamının dini etiqad azadlığı təmin edilib. Ana qanunumuz olan Konstitusiyanın 25-ci maddəsi ilə mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarına hörmət ifadə olunub. Məscidlər, kilsələr və sinaqoqlar dövlət dəstəyi ilə yenidən qurularaq dindarların istifadəsinə verilib. O cümlədən, dini icmaların fəaliyyətinə dəstək verilməsi üçün dövlət başçısının sərəncamları ilə onlara maliyyə yardımları ayrılır”.

Azərbaycanda müxtəlif dini konfenssiyaların mövcudluğuna tam şərait yaradıldığı kimi, İslam dininin inkişafına da böyük önəm verildiyini vurğulayan A.Badamov xalqın milli-mənəvi dəyərlərinin İslam dini ilə sıx bağlı olduğunu söyləyib:

“Sovetlər dövründə dini etiqadın qadağan olunmasına və məscidlərin bağlanmasına baxmayaraq, xalqımız dinə və milli mənəvi dəyərlərinə, adət-ənənələrinə bağlılığını öz içində qoruyub-yaşadaraq nəsildən-nəslə ötürüb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ailəsi ilə birlikdə Məkkəyə Həcc ziyarətinə getməsi, müqəddəs Kəbədə namaz qılması dövlət rəhbərinin milli-mənəvi dəyərlərimizə sadiqliyinin göstəricisi idi. Bu həm də azərbaycanlıların ürəyində Allaha və onun yoluna inamın, sevginin nə qədər dərin olduğunu nümayiş etdirir”.

Azər Badamov onu da diqqətə çatdırıb ki, Sovetlər dövründə məscidlər bağlanmışdısa, müstəqillik dövründə ibadət evlərinin qapıları dindarların üzünə yenidən açılıb:

“Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində ölkədə 517 məscid inşa olunub, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. Prezident İlham Əliyev bu yolu uğurla davam etdirərək, ölkəmizdəki məscidlərin sayını 2200-ə çatdırdı. Azərbaycanın hər bir bölgəsində yenidən qurulmuş məscidlər dindarların istifadəsinə verilib”.

Azərbaycanın 44 günlük Vətən müharibəsində öz ərazilərini işğaldan azad etdiyini xatırladan parlamentarinin sözlərinə görə, 30 illik işğal dövründə həmin ərazilərdəki 67 məscid ermənilər tərəfindən dağıdıb, yerlə-yeksan edilmiş, təhqir olunmuşdu:

“Amma ərazilərimiz azad olunduqdan sonra digər sahələr yenidən qurulduğu kimi, dini inanc yerləri də bərpa edildi. İbadət yerlərinin, məscidlərin yenidən qurulmasında Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun miqyaslı fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Heydər Əliyev Fondu ölkəmizin digər bölgələri ilə yanaşı, Qarabağın hər bir yaşayış məntəqəsində də məscidlərin, milli-mədəni abidələrimizin tikinti və bərpasında yaxından iştirak edir. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə yenidən azan səsləri eşidilir, namaz qılınır və bayramlarımız qeyd olunur”.

Deputat əlavə edib ki, Azərbaycan ancaq ölkədə tolerant və multikultural şərait yaratmaqla kifayətlənmir, həm də dünyada bu siyasətin inkişafına töhfə verir:

“Belə ki, ölkəmiz mütəmadi keçirilən Mədəniyyətlərarası Dialoq Forumları ilə dünyanın hər yerindən müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçilərinin bir araya gəldiyi müqəddəs məkana çevrilib. Bu baxımdan, uğurla davam etdirdiyimiz multikulturalizm və tolerantlıq siyasəti dünyada böyük rəğbətlə qarşılanır. Azərbaycan tolerant ölkə olaraq nüfuzunu gündən-günə artırır”.