DİQQƏT! Azərbaycanı ikinci pandemiya dalğası bürüyə bilər – XƏBƏRDARLIQbackend

DİQQƏT! Azərbaycanı ikinci pandemiya dalğası bürüyə bilər – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərzaq dükanlarının birinin qarşısında gördüyüm mənzərə məni sözün əsl mənasında dəhşətə gətirdi. Deməli, bir neçə gənc əl-ələ görüşərək bir-birini qucaqlayır, öpür və ən yaxın məsafədə söhbət edə-edə zarafatlaşırdılar. Sanki dünyanı lərzəyə salan koronavirusun zalım balalarına heç bir aidiyyəti yoxdur.

Jurnalist Fadil Paşayev

Onlar elə bil ya başqa planetdəndirlər, ya da ölməzdirlər. Virus isə boş şeydir. Bu yerdə nədənsə hardansa oxuduğum, amma müəllifini xatırlamadığım fikri xatırladım: “Rəqiblərinizə qalib gəlməyə mane olmayın. Yaxşısı budur, onun məğlub olmasına kömək edin”.

Deyəsən, xüsusi karantin rejiminin yumşaldılması əhalidə arxayınlıq yaradır. Yoxsa pandemiyanın mövcud olduğu şəraitdə belə davranış haradan yarana bilər?!.

Məsuliyyətsiz və ya arxayın təbəqəyə Fransanın dövlət xadimi Aleksis de Tokvilin sözləri ilə üzümü tutub yalnız bunu deməklə kifayətlənərdim: Həyat nə əzabdır, nə də əyləncə. Həyat işdir, özü də elə bir iş ki, siz onu görməli və namusla axıra çatdırmalısan.

Amma hələ bəzi məqamlar var ki, bunun üstündə durmaq məcburiyyətindəyəm.

Cənablar, biz axı pandemiya üzərində tam qələbə çalmamışıq! Məgər xüsusi karantin rejiminin yumşaldılması bizə hansı əsas verib ki, virusa yoluxmanın bir daha olmayacağını düşünək?! Biz niyə belə məsuliyyətsiz olmalıyıq ki?! Kimin qarşısında öhdəliyimiz var?! Gözümüzün qabağında dünyada virusdan ölənlərin sayı artıq minlərlə ölçülür, biz isə heç nə olmayıbmış kimi dövləti təhlükəyə atmağa səfərbər olunuruq sanki.

Unutmayın, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Elə bilin Fransa ilə İngiltərə arasında 100 illik müharibədir. Müharibənin əsas qanunları isə nizam-intizamla həyata keçirilməlidir. Əgər bizdən mövcud qaydalara riayət olunması tələb olunursa, başqa bəhanə ortaya çıxmamalıdır. Əks təqdirdə axmaqların qaydası ilə hərəkət etməklə ittiham olunacağıq. Çünki mövcud qaydalara qarşı çıxmaq axmaqların ən birinci qaydasıdır.

Bu gün Azərbaycan iqtisadiyyatı güclü mənfi təsirlərə məruz qalıb. Vəziyyət nəzarət altında olsa da, hər an faciəvi nəticələrlə üz-üzə qala bilərik. Ölkəmiz və xalqımız üçün zəruri olan tibbi, sanitar, gigiyenik, profilaktik tədbirlərin davam edilməsinə qarşı istənilən maneçilik düşmənçilikdən başqa bir şey deyil. Bizdən tələb olunan çox sadədir, həyatımızın sağlamlığı üçün gigiyena qaydalarına tam riayət etməliyik. Hər kəsi bu mövzuda ciddi olmağa səsləndirməliyik. Lazım bilmədikdə küçəyə çıxmamalı, özünütəcridi davam etməliyik. Hər birimiz bununla bağlı məsuliyyətsiz davrananların üzərinə məsuliyyət hissini yükləməliyik. Yoxsa başqa ağır yüklər çəkməli olacağıq. Sadalasam, Alfred Hiçkokun qorxulu filmləri gözlərinizin qarşısında canlanacaq. Yaxınlarınızı itirəcək, darmadağın olmuş viran şəhərlərdə yalquzaq qalacaqsınız. Şişirtmirəm, çünki ən adi səhv belə həyatımızda bizə baha başa oturur. Birinci Qarabağ savaşında məğlubiyyətimizin ən əsas səbəbi elə xəyanətə bənzər məsuliyyətsizlik deyildimi?

Nə üçün anlamaq istəmirsiniz ki, karantin rejimində xəstəliklər də azalıb, ekoloji fəlakətlər səngiyib, yeni iqtisadi münasibətlərə keçid formalaşır, başqa ölkələrlə müqayisə də yaşlı vətəndaşlarımızın ölüm sayında dəhşətli statistika yoxdur.

Bütün neqativlər toplusunda düzgün qurulmuş strategiya nəticəsində ölkəmiz arzuolunmaz nəticələrlə üz-üzə deyil, əksinə tez bir zamanda müsbət dəyişikliklərə nail olunub.

Əgər bunun davamlı olmasını istəyiriksə, “Evdə qal!” çağırışına birmənalı şəkildə əməl etməliyik. Xüsusən, yaşlılarımzı qorumalıyıq. Yoxsa oxuduğum nağıllardan birində deyildiyi kimi “belimizdə səbət onları dağa apaırıb qurd-quşa yem etməməliyik”.

Zatən dövlətimiz də xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərini yumşaltmaq fikrindədir. Və buna doğru da gedir. Amma məsuliyyət hissini qorumaq şərtilə. Çünki epidemioloji vəziyyət hər an dəyişə bilər. Əgər xəstəliyin dinamikasında kəskin artım olarsa, karantin rejiminin yenidən sərtləşdirilməsi labüddür. Bax onda “Kərəmi ağlamaq tutacaq”. Odur ki, xanımlar və cənablar, müvafiq məhdudiyyətlərin yenidən tətbiq olunmasına zəmin yaratmayaq.

Hər şey bizdən asılıdır. İş elə gətirib ki, bütün dünyada olduğu kimi biz də büdrəmişik. Amma Mahatma Qandinin sözü olmasın, qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan.

Bir DÖVLƏT və XALQ olaraq büdrəyib yıxılmasaq, növbəti mübarizə mərhələlərimizə şanlı səhifəmiz yazılacaq. Biz ikinci Qarabağ savaşına Aprel döyüşləri ilə bərabər pandemiyadan ən az zərərlə çıxmış Azərbaycan olaraq da gedə bilərik.

Məqsədimizə çatmaq üçün bu məqsədi aydın görmək kifayətdir. Məqsədlərimizə çatmaq üçünsə necə deyərlər yenidən avtomatın darağını dolduraq:

– Beləliklə, məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir.

– Toylar, yas mərasimləri və digər kütləvi tədbirlərə yox deyək. Növbələrdə, ərzaq dükanlarında və s. yerlərdə vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidir.

Yazımı isə Amerika filmlərinin birində eşitdiyim və çox xoşuma gələn bir fikirlə yekunlaşdırmaq istəyirəm: Qoy bütün xalqımız bu ağır çətinliyi aşmış ölkəsində qürur hissi ilə yaşasın. Çünki sonralar bu qürur hissi növbəti möcüzələri yaradacaq.