Məlum olduğu kimi, avqust ayı ərzində bütün ixtisas qrupları (I, II, III və IV) üzrə imtahanların ikinci mərhələsi olan, qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur. Buraxılış imtahanlarında olduğu kimi, qəbul imtahanlarında da koronavirus pandemiyasından irəli gələn zəruri tədbirlər çərçivəsində abituriyentlər girişdə temperatur testdən keçirilirlər.
Bəs koronavirus səbəbindən deyil, digər hər hansı bir haldan (diş ağrısı, baş ağrısı və ya həyəcandan) hərarəti qalxan abituriyentlər imtahanlara buraxılmadıqda, onlar bu şəraitdə nə etməlidilər və imtahana buraxılmayan bu abituriyentlər üçün hər hansı bir şərait yaradılacaqmı? Görəsən, 11 il təhsil alaraq qəbul imtahanlarına hazırlaşan abituriyentlərin bu halda aqibəti necə olacaq, onlar üçün əlavə otaq ayrılması və ya hər hansı bir alternativ şəraitin yaradılması göslənilirmi? Yoxsa növbəti ilə qalır bu imtahanlar? Əlavə şəraitin yaradılacağı halda belə bundan sui-istifadə halları nə dərəcədə mümkündür?
NOCOMMENT olaraq günün ən aktual mövzularından biri olan bu məsələyə aydınlıq gətirməyə çalışdıq.
Dövlət İmtahan Mərkəzinin (DİM) sözçüsü Xanlar Xanlarzadə sorğumuza cavab verərək bəzi məqamlara aydınlıq gətirib:
“Bəli, binanın girişində temperatur yoxlanılır. Ümumiyyətlə, temperaturla bağlı binaya buraxılıb-buraxılmama qərarını orda olan həkim verir. Siz dediyiniz kimi, zərurət olduqda müəyyən fasilə ilə bir neçə dəfə yoxlanılır. Əlavə otağın ayrılmasına gəldikdə isə, əlbəttə, tibbi baxımdan buna icazə verilmir. Temperatur virus səbəbindən də ola bilər və həmin şəxsin digər insanlarla (hətta bir nəfər nəzarətçi ilə) təması yolverilməz hesab olunur”, – deyə DİM rəsmisi söyləyib.
X.Xanlarzadə həmçinin bildirib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayının 10-dan etibarən keçirilən buraxılış (qəbul) imtahanları pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub. Bu imtahanlar isə özlüyündə kütləvi bir prosesdir, on minlərlə insan iştirak edir.
“Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı insanların sağlamlığına hər hansı bir təhlükənin yaranmaması üçün bir sıra tədbirlər həyata keçirilib.
Bu tədbirlərdən biri də iştirakçının sağlamlıq haqqında bəyannamə təqdim etməsi və binaya daxil olarkən bədən temperaturunun ölçülməsidir. Bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub.
İndiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.
Qəbul imtahanlarına gəldikdə isə imtahanların ikinci mərhələsinin II və III ixtisas qrupları üzrə 13-14 avqust, I və IV ixtisas qrupları üzrə ondan sonrakı həftədə 2 gün ərzində keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə qəbul imtahanlarının ikinci mərhələsi 2 dəfə keçirilirdi və bu imkan verirdi ki, bir imtahanda iştirak edə bilməyənlər növbəti imtahanda iştirak etsin. Lakin pandemiya şəraitinə görə DİM-in hələ yanvar ayında elan etdiyi qrafikdə dəyişikliklər edildi və mart, aprel, may aylarında keçirilən imtahanlar, eləcə də qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salındı. İyun ayından etibarən isə sıx qrafiklə təxirə salınan imtahanlar keçirilib.
İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil.
Nəzərə almaq lazımdır ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb bir prosesdir və təkcə imtahandan ibarət deyil. İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər ixtisas seçimi etməlidirlər ki, müsabiqə həyata keçirilsin. Növbəti mərhələdə isə qəbul olunanlar qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur”, – deyə DİM rəsmisi vurğulayıb.
NOCOMMENT.az