DİQQƏT! Pullarınız belə oğurlanır – “Kapital Bank” və ABB adından zəng edərək…backend

DİQQƏT! Pullarınız belə oğurlanır – “Kapital Bank” və ABB adından zəng edərək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycanda vətəndaşlara xarici nömrələrdən zəng edərək özünü Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı əməkdaşı kimi təqdim edən kiberdələduzların fəaliyyəti kütləvi xarakter alıb.

Sosial şəbəkələrə və media qurumlarına daxil olan çoxsaylı müraciətlər göstərir ki, fırıldaqçılar əsasən Şri-Lanka, Banqladeş və digər Asiya ölkələrinə məxsus telefon kodlarından istifadə edərək insanları aldadırlar. Bu nömrələr Azərbaycanın +994 koduna bənzədiyi üçün bir çox vətəndaş fərqi vaxtında hiss etmir və zəngə cavab verir.

Zəng edən şəxslər adətən özlərini bankın “təhlükəsizlik şöbəsinin əməkdaşı” kimi təqdim edir və bildirirlər ki, guya kartda şübhəli əməliyyat aparılıb, hesab təhlükə altındadır və dərhal tədbir görülməlidir. Bu zaman vətəndaşda qorxu və panika yaradılır. Daha sonra kartın üzərindəki məlumatlar, istifadə müddəti, CVV kodu, SMS-lə gələn təsdiq şifrələri və digər məxfi məlumatlar istənilir. Bu məlumatlar əldə edildikdən sonra isə vəsait bir neçə dəqiqə ərzində hesabdan çıxarılır.

Zərərçəkənlərin sözlərinə görə, bəzi hallarda dələduzlar çox israrlı davranır, ardıcıl zənglər edir, hətta “hesabınız indi bağlanacaq”, “pulunuz oğurlanır” kimi ifadələrlə insanları daha da təşvişə salırlar. Vətəndaşlardan biri bildirib ki, bank əməkdaşı olduğunu iddia edən şəxsə xarici nömrə ilə niyə zəng etdiyini soruşduqda dərhal əlaqəni kəsib. Bu fakt bir daha göstərir ki, məqsəd yalnız insanları çaşdırmaq və məlumat əldə etməkdir.

Məlumata görə, son dövrlər bəzi bank kartlarının kütləvi bloklanması halları da müşahidə olunur. Bu prosesin Azərbaycan Mərkəzi Bankı tərəfindən maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı olduğu bildirilir. Şübhəli əməliyyatların artması bank sektorunda monitorinq mexanizmlərinin sərtləşdirilməsinə səbəb olub. Eyni zamanda “m10” kimi elektron pul kisələrinə müdaxilə edilməsi və vəsaitlərin oğurlanması halları da qeydə alınıb. Bu isə kiberdələduzluğun artıq genişmiqyaslı problemə çevrildiyini göstərir.

Mövzu ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov NOCOMMENT.az -a açıqlamasında bildirib ki, bu tip dələduzluq sxemləri əsasən sosial mühəndislik üsullarına əsaslanır:

“Burada əsas silah texnologiya yox, psixologiyadır. Fırıldaqçı insanı qorxuya salır, tələsdirir və düşünməyə vaxt vermir. ‘Hesabınız bloklanır’, ‘pulunuz oğurlanır’ kimi ifadələr şüuraltı panika yaradır. İnsan da refleks olaraq qarşı tərəfə inanır və məlumatları paylaşır. Bank sisteminə texniki hücum etmək çətin olduğu üçün cinayətkarlar birbaşa istifadəçini hədəf alırlar”.

Mütəxəssisin sözlərinə görə, real bank əməkdaşları heç vaxt telefonla kart məlumatı, CVV kodu və SMS şifrəsi tələb etmir:.

“Əgər belə tələb irəli sürülürsə, bu artıq dələduzluğun açıq əlamətidir.

Bank əməkdaşı sizə maksimum olaraq rəsmi çağrı mərkəzinə müraciət etməyi tövsiyə edə bilər. Amma heç vaxt məxfi məlumat istəməz. Xarici nömrədən edilən zənglərə isə ümumiyyətlə etibar etmək olmaz.”

Elvin Həsənov bildirib ki, belə hallarla mübarizədə ən effektiv üsul maarifləndirmədir:

“İnsanlar nə qədər məlumatlı olarsa, fırıldaqçıların işi bir o qədər çətinləşər.

Vətəndaşlar aşağıdakı qaydalara mütləq əməl etməlidirlər: naməlum və ya xarici nömrələrdən gələn bank zənglərinə şübhə ilə yanaşmaq, kart məlumatlarını heç kimlə paylaşmamaq, SMS-lə gələn kodları səsləndirməmək, şübhəli zəng zamanı dərhal telefonu söndürmək və bankın rəsmi nömrəsinə özləri zəng edərək məlumatı dəqiqləşdirmək.

Mütəxəssis əlavə edib ki, artıq bank tətbiqlərində iki mərhələli identifikasiya, biometrik təsdiq və bildiriş sistemlərindən istifadə də vacibdir:

“Bu texnologiyalar hesabın təhlükəsizliyini xeyli artırır və icazəsiz girişlərin qarşısını alır.

Belə hallarla üzləşən vətəndaşlar dərhal bankla əlaqə saxlamalı, kartlarını bloklatdırmalı və hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər. Eyni zamanda mobil operatora məlumat verərək həmin nömrənin bloklanmasını tələb etmək də mümkündür.

Nə qədər tez reaksiya verilərsə, vəsaitin geri qaytarılması şansı bir o qədər yüksək olar.

Kiberdələduzluqla mübarizə yalnız bankların və hüquq-mühafizə orqanlarının işi deyil, hər bir vətəndaşın şəxsi məsuliyyətidir. Texnologiya inkişaf etdikcə fırıldaqçılıq üsulları da təkmilləşir. Bu səbəbdən insanların daim diqqətli olması, şübhəli hallara laqeyd yanaşmaması və maliyyə təhlükəsizliyinə ciddi yanaşması vacibdir.

Hazırkı vəziyyət göstərir ki, “şübhəli əməliyyat” adı altında edilən bu zənglər sadəcə bir neçə nəfərin deyil, minlərlə insanın maddi təhlükəsizliyini risk altına qoyur. Bu təhlükənin qarşısını almağın ən effektiv yolu isə məlumatlı olmaq, panikaya qapılmamaq və heç bir halda şəxsi maliyyə məlumatlarını naməlum şəxslərlə paylaşmamaqdır”.

Tunar
NOCOMMENT.az