Son günlər sosial şəbəkələrdə, xüsusilə də “TikTok” platformasında “Krediti olan yazsın, kömək edim”, “Ərzağa ehtiyacı olan müraciət etsin” kimi paylaşımlarla çıxış edən səhifələrin sayı xeyli artıb. İlk baxışdan xeyriyyəçilik və sosial dəstək görüntüsü yaradan bu elanlar əslində bir çox hallarda vətəndaşları aldatmağa yönəlmiş fırıldaqçılıq sxemlərinin tərkib hissəsinə çevrilib. Məsələ ilə bağlı yayılan məlumatlarda bildirilir ki, bu tip səhifələr əsasən maddi çətinlik yaşayan, çıxış yolu axtaran insanları hədəf alır və onların etibarından istifadə edərək şəxsi məlumatlarını ələ keçirməyə çalışırlar.
Məlumata görə, “WhatsApp” qaynar xəttinə müraciət edən vətəndaşlardan biri “TikTok” üzərindən canlı yayım açan belə bir səhifəyə qoşularaq maddi yardım üçün müraciət edib. O, ilkin mərhələdə qarşı tərəfin səmimi və yardımsevər davrandığını, inam yaratmağa çalışdığını bildirib. Lakin daha sonra ondan şəxsiyyət vəsiqəsinin şəkli, bank kartı məlumatları, telefon nömrəsi və digər şəxsi məlumatlar istənildikdən sonra vəziyyətin şübhəli xarakter aldığını anlayıb. Turqay Həsənovun sözlərinə görə, bütün məlumatları təqdim etdikdən sonra qarşı tərəf onunla əlaqəni kəsib və nömrəni bloklayıb.
Aparılan araşdırma zamanı həmin səhifədə qeyd olunan telefon nömrələri ilə əlaqə saxlamaq cəhdləri də nəticəsiz qalıb. Nə zənglərə, nə də mesajlara cavab verilib, bəzi nömrələrin isə artıq deaktiv edildiyi məlum olub. Səhifədə paylaşılan videoların şərh bölməsində yazılan rəylərdən görünür ki, oxşar üsulla aldadılan şəxslərin sayı kifayət qədər çoxdur. Bir çox istifadəçi pul və ya yardım ala bilmədiyini, əvəzində bank hesablarında şübhəli əməliyyatların aparıldığını və ya şəxsi məlumatlarının üçüncü şəxslərin əlinə keçdiyini qeyd edib.
Mütəxəssislərin fikrincə, bu cür fırıldaqçılıq halları əsasən “sosial mühəndislik” üsulu ilə həyata keçirilir. Yəni dələduzlar insanların emosiyalarına təsir edərək, onların aciz vəziyyətindən istifadə edir, ümid və inam yaradaraq məlumat əldə edirlər.
Məsələni NOCOMMENT.az-a şərh edən İT təhlükəsizlik üzrə mütəxəssis Azər Alili bildirib ki, sosial şəbəkələrdə təqdim olunan “yardım kampaniyalarının” böyük hissəsi real təşkilatlara və ya rəsmi qurumlara bağlı olmur.

Onun sözlərinə görə, fırıldaqçılar adətən əvvəlcə istifadəçi ilə uzun söhbət aparır, etibar qazanır, sonra isə mərhələli şəkildə məlumat toplamağa başlayırlar:
“Heç bir rəsmi qurum və ya etibarlı xeyriyyə təşkilatı vətəndaşdan şəxsi bank kartı məlumatlarını, PIN kodu, SMS təsdiq kodlarını və ya şəxsiyyət vəsiqəsinin tam görüntüsünü sosial şəbəkə üzərindən istəmir. Bu cür tələblərlə qarşılaşan hər kəs dərhal əlaqəni kəsməli və məlumat verməkdən imtina etməlidir. Belə hallarda əldə edilən məlumatlar ya birbaşa vəsaitlərin oğurlanması, ya da sonradan başqa cinayətlərdə istifadə üçün bazaya əlavə olunur”.
Mütəxəssis əlavə edib ki, xüsusilə maddi çətinlik yaşayan insanlar bu cür tələlərə daha tez düşürlər:
“Buna görə də vətəndaşlar sosial şəbəkələrdə gördükləri hər elan və çağırışa tənqidi yanaşmalı, məlumatın mənbəyini yoxlamalı, səhifənin əvvəlki fəaliyyətinə, real ünvan və əlaqə vasitələrinə diqqət yetirməlidirlər. Əgər yardım təklifi edən tərəf rəsmi sənəd, hüquqi status və ya açıq məlumat təqdim edə bilmirsə, bu, ciddi risk əlaməti sayılmalıdır”.
Tunar
NOCOMMENT.az













