Doğuş zamanı ana ölümləri DURMADAN ARTIR – SƏBƏB nədir?backend

Doğuş zamanı ana ölümləri DURMADAN ARTIR – SƏBƏB nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 28 yaşlı qadının doğuşdan sonra vəfat etməsi cəmiyyətdə ana sağlamlığı və doğuş prosesinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb.

Məlumata görə, hadisə paytaxtda yerləşən Kliniki Tibbi Mərkəzdə baş verib. 1998-ci il təvəllüdlü Sevda Məmmədova fevralın 7-də doğuş edib, lakin bundan sonra səhhətinin kəskin pisləşməsi nəticəsində dünyasını dəyişib. Hazırda faktla bağlı hüquq-mühafizə və aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, ölümün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün tibbi ekspertizanın nəticələri gözlənilir.

Bu hadisə son illər ölkədə doğuş zamanı və doğuşdan sonrakı dövrdə baş verən ağırlaşmaların və ölüm hallarının artması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan mama-ginekoloq Sevil Məmmədova bildirib ki, bu cür halların artmasının əsas səbəblərindən biri hamiləlik dövründə qadınların sağlamlıq vəziyyətinə lazımi səviyyədə nəzarət olunmamasıdır.

Onun sözlərinə görə, bir çox qadın hamiləliyin erkən mərhələlərində mütəmadi müayinələrdən keçmir, analiz və skrininqləri vaxtında etdirmir, nəticədə gizli gedən xəstəliklər doğuş zamanı və sonrasında ağır fəsadlara səbəb olur:

“Xüsusilə yüksək qan təzyiqi, şəkərli diabet, qan azlığı, böyrək və ürək problemləri vaxtında nəzarət altına alınmadıqda həyati risk yarada bilər.

Doğuşun özü də ciddi tibbi prosesdir və bu mərhələdə hər bir detal böyük əhəmiyyət daşıyır. Doğuş zamanı yaranan güclü qanaxmalar, uşaqlığın tam yığılmaması, daxili zədələnmələr, infeksiyalar və tromboemboliya kimi hallar qadının həyatını təhlükə altına qoya bilər.

Bəzi hallarda doğuşdan sonra qadının vəziyyətinə lazımi səviyyədə nəzarət olunmaması da faciəvi nəticələrə gətirib çıxarır. Xüsusilə ilk günlərdə temperaturun, təzyiqin, qan göstəricilərinin və ümumi vəziyyətin davamlı izlənməsi vacibdir”.

Sevil Məmmədova bildirib ki, son illər qeysəriyyə əməliyyatlarının sayının artması da risk faktorlarından biridir:

“Tibbi göstəriş olmadan aparılan qeysəriyyə əməliyyatları sonradan infeksiya, tromboz və daxili qanaxma ehtimalını yüksəldir. Bundan əlavə, bəzi qadınların doğuşdan sonra evə tez buraxılması və ambulator nəzarətin zəif təşkili də problemlərin vaxtında aşkarlanmasına mane olur. Doğuşdan sonrakı dövr hamiləlik qədər diqqət və tibbi nəzarət tələb edir. Psixoloji və sosial amillər də ana sağlamlığına təsir göstərir.

Stress, düzgün qidalanmama, yuxusuzluq, maddi və ailə problemləri qadının immun sistemini zəiflədir və doğuşdan sonrakı bərpa prosesini çətinləşdirir.

Bəzi hallarda isə qadınlar öz səhhətlərində yaranan problemləri gizlədir, həkimə gec müraciət edir və bu da vəziyyətin ağırlaşmasına səbəb olur”.

Mütəxəssisin fikrincə, ana ölümlərinin qarşısının alınması üçün sistemli yanaşma vacibdir:

“Hamilə qadınlar erkən mərhələdən etibarən risk qruplarına bölünməli, xroniki xəstəlikləri olanlar xüsusi nəzarətə götürülməli, doğuşlar yalnız tam təminatlı tibb müəssisələrində aparılmalıdır. Bundan əlavə, doğuşdan sonra qadınların ən azı bir neçə gün stasionar şəraitdə nəzarətdə saxlanılması və mütəmadi tibbi müayinələrdən keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Hər bir belə hadisə yalnız fərdi faciə kimi deyil, səhiyyə sisteminin fəaliyyətinin qiymətləndirilməsi baxımından da təhlil olunmalıdır. Araşdırmaların nəticələri əsasında boşluqlar aradan qaldırılmalı, tibbi personalın hazırlıq səviyyəsi artırılmalı və ana sağlamlığının qorunması üzrə proqramlar daha da gücləndirilməlidir”.

Tunar
NOCOMMENT.az