Son illərdə Azərbaycanda doğuş zamanı ana ölümü ilə bağlı statistika narahatlıq doğuracaq dərəcədə artan tendensiyadadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə isə doğuş və zahılıq dövründə ölən anaların sayı 33 nəfər olub və rəqəm son 13 ilin rekord nəticəsi olaraq qeydə alınıb.
Qeyd olunan hallar, sadəcə statistik göstəricilər deyil, həmçinin səhiyyə sistemində mövcud olan boşluqların nəticəsidir.
Bəs səbəblər hansılardır? – Səbəblərdən biri kimi, bugün patronaj xidmətlərin yox dərəcəsində həyata keçirilməsini qeyd etmək mümkündür. Patronaj xidmət dedikdə tibb bacısı və sahə mamaları tərəfindən hamilə və zahı qadınların sağlamlıq vəziyyətini evlərdə müvafiq qaydada dəyərləndirilir və qeydiyyatının aparılması başa düşülür. Bu xidmətin əvvəlki dövrlərə nisbətən zəif fəaliyyət göstərməsi nəticəsində, bir çox hamilə qadın doğuş günü bütün proses ərzində ya ilk dəfə, ya da ikinci dəfə xəstəxanaya müraciət edir və onların keçmiş xəstəlikləri, hamiləliyin gedişatı, doğuş zamanı yaşana biləcək komplikasiyaların heç biri haqqında tibbi məlumat mövcud olmur. Elə bu da özlüyündə doğuş zamanı və ya sonrakı zahılıq dövründə ana ölümlərinə səbəb olur.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri həkim anestezioloq-reanimatoloq Cavid Paşayev deyib.
2020-ci ildən etibarən icbari tibbi sığorta çərçivəsində həyata keçirilən islahatlar nəticəsində bir qisim poliklinikaların adlarında “Ailə sağlamlıq mərkəzi” anlayışına yer verildi. Bu dəyişiklik sadəcə adlara tətbiq olunduğundan və funksional olaraq heç bir şeyin dəyişməməsi nəticəsində formal xarakter daşıdı. Ailə həkimliyi institunun formalaşdırılması, əhalinin bu modelə adaptasiyası və sistemli təlim-tədris mexanizmləri olmadığından struktur dəyişiklikləri nəticəsiz olaraq qalmaqda davam edir.
Ailə həkimlərinin hazırlanması üçün isə, təbiidir ki, təhsil zamanı bu sahəyə ayrıcalıq vermək prioritetlərdən biri olmalıdır. Tibb təhsili verən müəssisələrdə bu sahə üzrə ayrıca ixtisasların olması, rezidentura proqramlarının hazırlanması, regionlarda ailə həkimi institunun stimullaşdırılması istiqamətində konkret addımlar atılmalı, qeyd edilən “Ailə Sağlamlıq Mərkəzləri” isə bu prosesdə texniki baza rolunu oynamalıdır.
Nəticə olaraq, Respublikada ana ölümlərinin artan tendensiya üzrə statistik nəticələri ilə razılaşaraq qalmamalı, bu istiqamətdə struktur islahatları effektiv və mərhələli şəkildə aparılmalıdır. Ən əsas məsələ isə, hər bir hamilə qadının doğuş anına qədər sistemli şəkildə tibbi nəzarət altında saxlanılmasının təmin edilməsidir.
Səhiyyənin inkişaf indikatoru ölkədə icra olunan böyük əməliyatlar deyil səhiyyənin əlçatan olmasıdır.