ABŞ Prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq etməsi bazarlarda ciddi dalğalanmalara səbəb olub.
Artıq investorlar dollar almağa üstünlük verərək, səhmləri satmağa başlayıblar. Tariflərin mənfi təsiri təkcə Kanada, Meksika və Çin ilə məhdudlaşmayıb, həmçinin kriptovalyutalara, səhmlərə və hətta ənənəvi “təhlükəsiz liman” hesab edilən Yaponiya yeninə də təsir edib. ABŞ dolları güclənərkən, investorlar digər aktivlərdən uzaq durmağa başlayıblar. Hələlik investorlar iqtisadi risklərdən qaçaraq dollar və ABŞ dövlət istiqrazlarını almağa üstünlük verirlər.
Mövcud vəziyyət Azərbaycan bazarına necə təsir edəcək?
NOCOMMENT.az xəbər verir ki, iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycan manatı Amerika dollarına bağlı valyutadır:
“Bizim əslində geniş mənada milli valyutamız yoxdur. Milli valyutamız sadəcə dollara dəyişən bir kağızdır. Dollar dünyada gücləndikcə, bizim də mill valyutamız da, dollarla ifadə olunan qiymətli kağızlar da güclənir. Azər baycanın valyuta ehtiyatları əksər hallarda elə Amerikanın qiymətli kağızlarına qoyulur. Amerikanın qiymətli kağızlarında güclənirsə, onlar daha da bahalaşır. Bu fonda da həmin bazara pul qoyulması daha sərfəli olur. Bu baxımdan, bizim üçün heç bir problem yoxdur. Əksinə, dollar nə qədər güclənirsə, bu, tamamilə bizim xeyrimizədir”.
Ekspert xatırladıb ki, Azərbaycan xüsusi bir qiymətli kağızlar bazarında iştirak etmir:
“Azərbaycanın elə inkişaf etmiş güclü maliyyə bazarları yoxdur. Bizdə qiymətli kağızlar, kapital bazarı yoxdur. Biz Kanadadan, Meksikadan heç nə almırıq. Bu baxımdan, bizim üçün elə də ciddi məsələ deyil və dəyişikliyə səbəb olmayacaq”.///“Cebheinfo.az”