Dönərdən niyə zəhərlənirik? – ARAŞDIRMA + FOTObackend

Dönərdən niyə zəhərlənirik? – ARAŞDIRMA + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində dönərdən kütləvi zəhərlənmə qeydə alınıb. Belə ki, 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və dərhal onlara yadım göstərilib. Onlardan dördü uşaqdır.

NOCOMMENT.az xəbər verir ki, hər zaman insanlar dönərdən zəhərlənmələrin səbəbini tərkibindəki ətdə görürlər.

Dəfələrlə “Əşi, 1 manat 50 qəpiklik dönər necə olacaq?” kimi fikirlər səsləndirilsə də, ən çox həmin dönərlər yeyilir.

Təbii ki, dönərin inqrediyentləri təkcə ətdən ibarət deyil. Bəs hər kəsin yediyi, amma ehtiyat etdiyi dönərdən niyə zəhərlənirik?

Ekspertlər deyirlər ki, dönərdən zəhərlənmənin qarşısını almaq üçün istifadə edilən məhsullar keyfiyyətli olmalı, sanitar-gigiyenik qaydalara riayət edilməlidir.

Eyni zamanda, bildirilir ki, bir çox hallarda dönərə qatılan ərzaqların yuyulması doğru şəkildə həyata keçirilmir ki, nəticədə zəhərlənmə təkcə ətdən deyil, digər məhsullardan da yarana bilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi üçün agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında bildirib ki, Şəmkirdə dönərdən zəhərlənmə dəryada damla kimidir:

“Hər gün belə hadisələr baş verir. İnsanlar xəstəxanaya düşməsə də, dönərdən zəhərlənmələr çoxdur. AQTA sadəcə qidanın təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi isə ortalıqda qalıb.

Agentliyin funksiyasında keyfiyyətə nəzarət ciddi olaraq önə çəkilməlidir. İllərdir ən zəhərli ətlər dönərxanalara gətirilir. Dönərxanalar Azərbaycanın bir nömrəli bəlasına çevrilib. Normal halda olan ətdən hazırlanan dönərin qiyməti 4 manatdan aşağı olmamalıdır. Təbii ki, bu cür dönərlər satan yerlər də var”.

Ekspert əlavə edib ki, təəssüf ki, insanlar zəhərlənəndən sonra həmin dönərxana ilə bağlı tədbir görülür:

“Əvvəlcədən heç bir tədbir görülmür. Elə bir iş aparılmaldır ki, bazara, marketlərə belə mallar çıxarılmasın”.

Qida məsələləri üzrə ekspert Ağa Salamov saytımıza açıqlamasında qeyd edib ki, havaların istiləşməsini nəzərə alsaq, qida məhsullarının daşınması, saxlanması və emalında kobud səhvlərə yol vermək zəhərlənmələrə yol açır:

“Ona görə də ictimai iaşə müəssisələri mənşəyi məlum olan toyuq, balıq, mal əti almalıdırlar. Hazırda bəzi dönərxanalar ucuz ət almağa səy göstərirlər. Məsələn, bazarda 1 manat 50 qəpiyə dönər təklif edilir. Bazarda toyuğun 1 kiloqramı isə 5-6 manat arası təşkil edir.

Əgər bir dönər hazırlanan zaman ona 100 qram toyuq əti qoyulursa, bu, 60 qəpik edir, çörək və digər məhsullarla birlikdə maya dəyəri elə 1 manat 50 qəpikdir. Bəs onda nə qazandılar? Demək ki, burada şübhəli məqamlar var. Mənşəyi məlum olmayan, vaxtı keçən ət məhsulları alır, insanlara satırlar”.

O qeyd edib ki, zəhərlənmələrin əsas səbəbi dönər ətlərinin dəfələrlə dondurulmasıdır:

“Saatlarla əti qoyurlar ki, donu açılsın və müəyyən qismi şişə taxılır. Əti şişə taxan zaman da çox vaxt itirilir ki, bu da kobud səhvdir. Bəzən ət uzun müddət dondurucuda qalır və dönərxana da onu alır. Eyni zamanda, dönərxanalarda mayonez məhsulları günəşin altında, otaq temperaturunda, saatlarla istifadə olunur. Buna görə mayonez də zəhərlənməyə səbəb ola bilər”.