Donetskdə vəziyyət kritik həddə: Həlak olanlar arasında azərbaycanlılar da varbackend

Donetskdə vəziyyət kritik həddə: Həlak olanlar arasında azərbaycanlılar da var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetskin Ukraynanın nəzarətində qalan ərazilərində hərbi vəziyyət kəskinləşərək kritik həddə çatıb.

NOCOMMENT.az xəbər verir ki, vilayətin bütün ərazisi rəsmi olaraq təhlükəli zona elan edilib. Rusiya qoşunlarının hücumları xüsusilə Pokrovsk və Konstantinovka istiqamətlərində cəmləşib, nəticədə dağıntılar və insan tələfatı qeydə alınır.

Təəssüflə bildirilir ki, müharibə nəticəsində həlak olanlar arasında azərbaycanlılar da var.

Əslən Xaçmazdan olan, Konstantinovka sakini Saqib İsmayılov faciəvi itkilərlə üzləşdiklərini bildirib. O, ailə üzvlərindən bir neçə nəfərin həlak olduğunu təsdiqləyib:

“Dayım Hümbət Məmmədov Konstantinovkada kafenin həyətində oturarkən yanına mərmi düşməsi nəticəsində yerindəcə həlak olub. Bu yaxınlarda başqa bir qohumum – xalamın yoldaşı Müzəffər Abbasov dron zərbəsi nəticəsində maşınında diri-diri yanıb.”

Saqib İsmayılovun verdiyi məlumata əsasən, son aylarda bu vilayətdə 10-11 nəfər azərbaycanlının həlak olması dəqiqdir.

Donetskin nisbətən sakit yeri sayılan Kramatorsk şəhərinə insanların axını olsa da, artıq burada da vəziyyət gərginləşib. Şəhərə son iki sutka ərzində 20-dən çox hava zərbəsi endirilib. Nəticədə Kramatorskun yarıdan çoxu kommunal xidmətdən məhrum olub.

Vilayətdə davam edən hərbi əməliyyatlar fonunda mülki əhalinin təhlükəsizliyi təmin edilməklə təxliyə işləri davam etdirilir.

Daha ətraflı Baku TV-nin süjetində: