Suriyada 13 il davam edən işgəncələrlə dolu müharibə bitdi. Lakin qarşıda duran əsas vəzifə münaqişədən sonrakı mərhələdə onun yenidən baş verməsinin qarşısını almaq, ölkədə sülhün təmin edilməsidir. Bu və digər istiqamətlərdə xarici aktorların fəallığı ilk baxışdan və çox dərinə varmadan belə aydındır. Ölkənin öncəki bəlalardan xilası və bütünlüyü məsuliyyəti isə əsasən suriyalı aktorların çiyninə düşür.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Beyinləri məşğul edən əsas məsələlərdən biri də suriyalıların evlərinə geri qayıtmasıdır. Ölkə 13 ildir davam edən amansız vətəndaş müharibəsi ilə viran qalıb və vəziyyət hələ də ağırdır. Bu baxımdan qaçqınların kütləvi şəkildə və tez evlərinə qayıda bilmələri real görünmür. Suriyada humanitar yardım və yenidənqurma işlərini müzakirə etmək üçün müntəzəm görüşlər təşkil olunmalıdır ki, qeyd etdiyim kimi bu işdə xalq təşəbbüsü əldən verməməlidir.
Suriyanın siyasi keçidini idarə etməkdə ən güclü əli olan xarici güc kimi Türkiyə ortaya çıxır. Suriya böhranı Türkiyənin beynəlxalq münasibətlərini və bu münasibətlərdəki yerini yenidən müəyyənləşdirir. Başqa sözlə, sanki heç bir böhran Türkiyənin regional və beynəlxalq siyasətdəki yerini Suriya münaqişəsi qədər müəyyən etməmişdi. Türkiyə Suriya ilə 900 km-dən çox olan ən uzun quru sərhədini bölüşür. Bu baxımdan Suriya Türkiyə üçün təkcə xarici siyasət deyil, həm də daxili bir məsələdir. Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları, iki ölkə liderinin gərgin münasibətləri Suriya münaqişəsinin gedişatını formalaşdırsa da, münaqişə öz növbəsində on ildən artıqdır ki, Türkiyənin daxili siyasətinin və beynəlxalq əlaqələrinin dinamikasını da formalaşdırıb.
Bu gün bir daha qabarıq formada önə çıxan bir məsələ də var. Belə ki, Türkiyənin tarixi keçmişi ona təcrübə baxımından da kömək edir ki, müxalifət qruplarının ən sadiq, güclü xarici dəstəkçisi kimi də öz təsir imkanlarından istifadə edərək onları Suriyada daha əhatəli və qanuni siyasi nizamın formalaşmasına sövq etsin. Buna nail olmaq təkcə Suriya və daha geniş region üçün deyil, həm də Türkiyənin uzaq hədəflərə söykənən xarici siyasətinin növbəti uğurlarına gedən yolda çox müsbət bir irəliləyiş olar. Buna qədər Rusiya və İranla rəqabət öz sözünü deyirdisə, bu məsələ indi sanki don dəyişdirib. Belə ki, Əsədin devrilməsi qəribə təsirlər də formalaşdıracaq. Məsələn, bu amil Türkiyə və Qərbi yaxınlaşdırmaqla yanaşı, Türkiyənin Rusiya və İranla münasibətlərinə daha çox təzyiq göstərəcək. Daha öncəki illərdə Moskva Türkiyə və Suriya arasında normallaşma üçün arada idisə, indi hər hansı bir narazılıq yaransa belə, Moskva Türkiyə ilə ziddiyyətə çox getməyəcək. Suriyadakı maraqları da nəzərə alınmaqla Moskvanın ölkədəki mühüm dəniz və hava bazalarını qorumaq üçün Ankaranın dəstəyinə ehtiyacı olacaq. Suriya ölkədə və onun hüdudlarından kənarda dialoq və əməkdaşlıq üçün Türkiyə, ABŞ və Aİ üçün də ortaq maraq nöqtəsi ola bilər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bir açıqlama verdi ki, “Ən vacibi ruslar və iranlıların hərbi yolla bərabərliyə girməmələrini təmin etmək üçün onlarla danışmaq idi, görüşlərimiz oldu və başa düşdülər”. Fidan onu da əlavə etdi ki, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Əsədin əsas müttəfiqləri olan Moskva və Tehran Suriya prezidentinin köməyinə gəlsəydilər, üsyançılar yenə də qalib gələ bilərdilər, lakin nəticə daha şiddətli ola bilərdi.
Yəni, Türkiyənin əsas məqsədi minimum can itkisini təmin etmək üçün iki mühüm güc oyunçusu ilə diqqət mərkəzində danışıqlar aparmaq olub. Deməli, Rusiya və İran oyunun bitdiyini, Əsədin “artıq sərmayə qoyacaq biri olmadığını” və “artıq mənası olmadığını” anlayıblar.
Bəşər Əsəd İranın sadiq müttəfiqi, Rusiya isə onun ən böyük dəstəkçisi idi. Burada bir önəmli məsələ də var. İsrail ilə Türkiyənin gərgin əlaqələri fonunda Azərbaycanın vasitəçilik məsələsi də mümkün, real variantlardan biridir. Dövlət başçımızın xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İsraildə yüksək səviyyəli görüşlər keçirməsi buna hesablanan məsələlərdən biridir. Eyni zamanda, Azərbaycanın ən yeni tarixdə açılmaz düyün kimi xarakterizə olunan keçmiş Qarabağ münaqişəsini həll etmək istiqamətində təcrübəsi də öz sözünü deyir. Cənab Prezident İlham Əliyevin xarici siyasət sədaları indi də Yaxın Şərqdən gəlir.
Elnur Quliyev