KoronaVirus İnformasiya Portalı
Dövlət Komitəsi haqqında yayılan məlumatlara CAVAB VERDİbackend

Dövlət Komitəsi haqqında yayılan məlumatlara CAVAB VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti məcburi köçkün ailələrin, xüsusən qadınların hüquqlarının pozulması barədə son günlər bəzi internet media resurslarının yaydığı xəbərlərə münasibət bildirib.

NOCOMMENT.az Komitə tərəfindən yayılan məlumatı təqdim edir:

“Birincisi, həmin məlumatlarda “qaçqın” və “məcburi köçkün” anlayışları eyniləşdirilir. Halbuki “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, qaçqın – Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) isə – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.

İkincisi, “məcburi köçkün” statusunun itirilməsi halları barədə əsassız fikirlər söylənilir.

“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668-İQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş 2 halda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və ya bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə.

Bununla yanaşı, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Qaçqınların Və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin 23 may 2013-cü ildə qəbul etdiyi və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında 1 saylı Qərarının 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilə bilər.

Üçüncüsü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli Qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinət almaq hüququna malik deyildirlər.

Və nəhayət, yanlış məlumat yayanlar, heç bir hüquqi normaya əsaslanmayan fikirlər söyləyənlər, qeyri-etik ifadələrdən də istifadə etməkdən, şər və böhtan xarakterli ittihamlar irəli sürməkdən çəkinmirlər. Belələrinə qaçqınlıq və məcburi köçkünlük kimi həssas və ağrılı məsələyə münasibət bildirərkən mövcud qanunvericiliyi diqqətlə oxumağı tövsiyə edir, eyni zamanda, öz hüquqi məsuliyyətlərini dərk etməyə çağırırıq”.