Dövlət Suverenliyi Gününün təsis edilməsi tarixi zəfərimizin hüquqi-siyasi qiymətidir – RƏYbackend

Dövlət Suverenliyi Gününün təsis edilməsi tarixi zəfərimizin hüquqi-siyasi qiymətidir – RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı sərəncamı tarixi zəfərin hüquqi-siyasi qiymətidir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Report”a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, Azərbaycan ötən il həyata keçirilən antiterror əməliyyatlarından sonra tam suverenliyini bərpa edərək bütün ərazisində qanunun aliliyini təmin etdi: “Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Ötən il həyata keçirilən antiterror əməliyyatlarından sonra Azərbaycan tam suverenliyini bərpa etdi. Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyi təmin olundu. Prezident İlham Əliyevin Dövlət Suverenliyi Gününün təsis edilməsi ilə bağlı sərəncamı bu tarixi zəfərin hüquqi-siyasi qiymətidir. Cəmi 23 saat ərzində həyata keçirilən antierror əməliyyatları tarixi qələbə ilə nəticələndi. Əslində, bu antiterror əməliyyatı Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması ilə yanaşı, həmin ərazilərdə Azərbaycan konstitusiya quruluşunun bərpa edilməsi məqsədi daşıyırdı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi”.

K.Nurullayeva bildirib ki, bununla Azərbaycan Dövlət Bayrağı suverenliyin bərqərar olduğu bütün ərazilərdə dalğalanır:

“Prezident sərəncamında da qeyd olunduğu kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 20 sentyabr Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Bütün dünya azərbaycanlıları artıq qürurla Dövlət Suverenliyi Gününü qeyd edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Suverenliyimiz də müstəqilliyimiz kimi əbədi və dönməz olacaq”.