Dövlət Xidməti bir ədəd hərbi biletin çapı üçün 2 manat 81 qəpik ödəyəcəkbackend

Dövlət Xidməti bir ədəd hərbi biletin çapı üçün 2 manat 81 qəpik ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

NOCOMMENT.az yeniavaz.com -a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Art Point Reklam” MMC (VÖEN – 1304435081) seçilib.

Qeyd edək ki, tender müsabiqəsi 160 min ədəd hərbi biletin çapı ilə bağlıdır. Çap olunacaq hərbi biletlərin 130 min ədədi əsgər və çavuşlar üçün, 30 min ədədi isə ehtiyatda olan zabitlər üçün nəzərdə tutulur.

Tender müsabiqəsinin ümumi dəyəri 449 min 344 manat təşkil edib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, Dövlət Xidməti bir ədəd hərbi biletin çapı üçün 2 manat 81 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Art Point Reklam” MMC -nin hüquqi ünvanı Yasamal rayonu, Alatava 1, ev 103-də yerləşir. Şirkətin qanuni təmsilçisi İbrahimov Tural Möhsün oğludur.

Tenderin qalibi olan “Art Point Reklam” MMC -nin hazırda (25.07.2025) dövlət büdcəsinə 19 min 905 manat 78 qəpik vergi borcu da var.

Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 23.3.5.1.-ci maddəsinin tələblərinə görə mümkün deyil.

Dövlət Xidməti tender müsabiqəsilə bağlı sənəd qəbulunu 23 may tarixində başa çatdırıb. Əgər tender keçirilən zaman şirkətin vergi borcu olmayıbsa, o zaman 20 min manatlıq borc son 2 ayda yaranıb.

Xatırladaq ki, 2024-cü ildə analoji tenderin qalibi “Tuna” QSC, 2023-cü ildə isə “İndiqo” MMC olub. “Tuna” QSC 65 min ədəd hərbi bileti 106 min 259 manata (bir ədədi 1 manat 63 qəpik), “İndiqo” MMC isə 45 min ədəd hərbi bileti 265 min 500 manata (bir ədədi 5 manat 90 qəpik) çap edib.