Döyüşlərdə iştirak etdiyi üçün mənzil ala bilmədi. Sədr müavini Zaur İbrahimovdan döyüşçüyə qəribə cavab.
Bakı şəhəri, Nəsimi rayonu, Rasim Səfərov küçəsi ev 161-də yaşayan II Qarabağ döyüşlərində könüllü iştirak etmiş İsmayılzadə Kənan Bəhruz oğlu kirayədə yaşadığı üçün mərhələli şəkildə mənzil növbəsinə yazılmaqdan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Nazirliyin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən keçmiş döyüşçü Kənan İsmayılzadə məktub alıb.
NOCOMMENT.az xəbər verir ki, bu haqda CityPost.az-a Kənan İsmayılzadə özü məlumat verib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamından sonra ərizə yazıb döyüşlərə könüllü qatıldım. Füzuli, Xocavənd,Cəbrayıl, Hadrut və Şuşanın işğaldan azad olunması uğrunda 30-dan çox uğurlu döyüş əməliyyatlarında iştirak etmişəm. Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədovun imzası ilə “Vətən Müharibəsi İştirakçısı” medalı və xidmət etdiyim hərbi hissəsin rəhbərliyi tərəfindən cəsur döyüşçü kimi müxtəlif növ fəxri fərmanlarla təltif edilmişəm. Günahkar deyiləm ki, döyüşlərdə şəhid, yaxud qazi olmamışam. Allah Vətənimizə bir də müharibə göstərməsin. Amma hər hansı döyüşçüyə mənə göstəriləcək münasibət bəslənəcəksə,sözsüz ki, gələcəkdə anoloji hadisə zamanı çoxları döyüşlərə getməkdən imtina edəcək. Nəzərə almalıdırlar ki, mən hər şeyə göz yumub, döyüşlərə qatılmışam. Mənə Sosial Xidmətlər Agentliyindən məktub gəlib ki, döyüş əməliyyatlarında iştirak edib, müharibə veteranı adını aldığınıza görə sizin mənzillə təmin edilməyiniz qanunvericilikdə nəzərdə tutulmayıb.
Kənan İsmayılzadə onu da əlavə edib ki, çox qəribə məntiqdir. Rəqqasə, müğənni, idmançı, neftçi, jurnalist, artistə, it oynadan, pişik oynadan dövlət tərəfindən mənzillə təmin olunur, amma müharibədə iştirak edib sağlamlığını itirən şəxs kənarda qalır.