“Dövlət Sosial Müdafiə Fondu” (DSMF) 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi ləğv edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma proseduru 08 oktyabr 2025-ci il, saat 14:13-də dayandırılıb.
Ləğvin səbəbi “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsində göstərilən hal olub — yəni, satınalmada iştirak etmək üçün tələb olunan sənədləri təqdim edən və müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender keçirilməyib.
Qanuna əsasən, belə hallarda satınalma komissiyası yekun protokol təsdiqlənmədiyi və ya nəzarət orqanının qərarı ilə satınalmanın ləğv edilməsi barədə qərar verdiyi halda, satınalma ləğv edilir.
Tenderin ehtimal olunan qiyməti 310.548 manat təşkil edirdi.
Xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nazir Anar Əliyev, Fondun İdarə Heyətinin sədri isə Zəka Mirzəyevdir.