DTX “yataqxanada yaşayan” icra başçısının milyonlarını aşkar etdi – FOTO – VİDEObackend

DTX “yataqxanada yaşayan” icra başçısının milyonlarını aşkar etdi – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Vilyam Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirildi. Axtarış tədbirləri zamanı sabiq İcra başçısı tərəfindən qanunsuz yolla saxladığı külli miqdarda vəsait aşkar olunaraq götürüldü.

NOCOMMENT.az bildirir ki, ötən ilin sonlarında Almaniyada yaşayan bloger feysbuk sosial şəbəkəsində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin olmasına dair siyahı paylaşmışdı. O, icra başçısının Bakıda, Gəncədə, Qazaxıstanda Dubayda milyonluq biznesinin olduğunu iddia edirdi.

Blogerin bu açıqlamasının ardınca İmişli Rayon İcra Hakimiyyəti icra başçısı Vilyam Hacıyev barəsində yayılan məlumatlara ölkə mətbuatı vasitəsilə münasibət bildirmişdi.

“Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Blogerdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik”, – deyə açıqlamada qeyd olunurdu.

İcra başçısının yaşadığını iddia etdiyi yataqxana

Məmurların həbsi ilə yanaşı onlara bu işlərdə dəstək olan, qanunsuz yolla varlanmaqlarına şərait yaradan və bununla da ölkəni talayaraq, insanların haqqına girib, onları dövlətədən, hakimiyyətdən və Prezidentdən narazı salan “dəstəkçi” və “krışalıq” edənləri də ifşa etmək lazımdır.

Son günlər həbs olunan bütün İcra başçıları və digər məmurları vaxtı ilə ölkə rəhbərliyinə “canfəşanlıqla” təqdim edərək, onlara “Şöhrət ordeni”, “Vətənə xidmətə görə” və digər fəxri adların alınmasına nail olanları da aşkar etməyin vaxtıdır. Bunu nəyin müqabilində etdiklərini isə təxmin etmək elə də çətin deyil.

Eyni zamanda bunlara ölkə mətbuatında da dəstək olan, qanunsuz hərəkətlərini ört-basdır etməkdə yardım edən “media nümayəndələri”ni də ifşa etmək gərəkdir.

Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hayata keçirilən bu antikorrupsiya əməliyyatları, müxtəlif sahələrdə və səviyyələrdə olan məmurların həbsi Azərbaycan tarixində bir iz buraxacaq. Ən əsası isə insanlar anlayacaqlar ki, onlara göstərilən bu yüksək etimadı itirmək olmaz. Həyatda hər bir məqamı yenidən qazanmaq olur, lakin itirilmiş etimadı və güvəni isə bərpa etmək mümkün deyil.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Vilyam Hacıyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İlham Məmmədov (Məmmədzadə)

NOCOMMENT.az