KoronaVirus İnformasiya Portalı
Dünənki bəyanatda yer alan vaxt cədvəli bunu nəzərdə tuturbackend

Dünənki bəyanatda yer alan vaxt cədvəli bunu nəzərdə tutur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində beynəlxalq təşkilatların və dünya liderliyinə iddialı ölkələrin xahişləri və bəzən də təzyiqləri fonunda üçüncü humanitar atəşkəs imzalanıb.

NOCOMMENT-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamenti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 25 oktyabr tarixli bəyanatı bu gün saat 08-dən qüvvəyə minib. İşğal edilmiş torpaqlarını bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. Azərbaycan döyüş meydanında olduğu kimi diplomatik arenada da döyüşməyə məcburdur ki, Ermənistana havadarlıq edən güclər Azərbaycanın bu Vətən Müharibəsində hansısa başqa məqsədlərdə ittiham etməsinlər. Bu təzyiqlərin birini bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı gördük. Təhlükəsizlik Şurasının daimi üzvləri, həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsinə 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrə istinadı daxil etməmişdilər. Üstəlik onlar bir sıra ölkələrin həmin qətnamələrə istinadın mətnə salınması ilə bağlı təkidli mövqeyini də qəbul etmədilər. Bu məsələdə də Azərbaycana Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi diplomatik siyasət, uzaqgörən addımlar kömək etdi. Qoşulmama Hərəkatına üzv olan dövlətlərin BMT TŞ-nin bəyanatını təsdiqləməməsi nəticəsində həmin bəyanat geri götürüldü.

BMT Təhlükəsizlik Şurası özünün qəbul etdiyi sənədə hörmətsizlik edərək icra etməsə də, Azərbaycan Ordusu bu günlərdə döyüş meydanında BMT-nin bu ayıbını örtməklə məşğuldur. Azərbaycan Silahlı Qüvvələri artıq həmin qətnamələrin icrasını özü həyata keçirir, Füzuli, Cəbrayıl və Qubadlının əksər hissəsinin azad edilməsi ilə 874 saylı qətnamə, Zəngilanın işğaldan azad edilməsiylə 884 saylı qətnamə aktuallığını itirib. Prezident İlham Əliyev dünən çıxışında bildirdi ki, artıq Kəlbəcər rayonunun bir hissəsi işğaldan azad edilib. Bununla 822 saylı qətnamə də şübhə altına düşür. Müdafiə Nazirliyi bu gün səhər açıqladı ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Laçın rayonu Səfiyan kəndindəki bölmələrini atəşə tutub. Artıq 853 saylı qətnaməni də Azərbaycan Ordusu icra etməkdədir.

Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında 10 və 17 oktyabrda olmaqla 2 humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Lakin hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulub. Hər iki atəşkəsdən dərhal sonra Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin mülki əhali yaşayan məntəqələrini raket atəşinə tutub. Cəbhə zonasında yerləşən digər rayonlar da artilleriya və raket atəşinə məruz qalıb. Nəticədə 65 nəfər dinc sakin vəfat edib, 297 nəfər yaralanıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi bütün təzyiqlərə baxmayaraq, qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasının, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail oldu.

Bəyanatların özünə gəldikdə isə ilk olaraq vurğulanmalıdır ki, burada söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir.

Bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (timeline) ifadəsi məhz bunu nəzərdə tutur.

Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Bu mənada həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac vardır.

Baza prinsiplərini rədd edən, bir neçə gün öncə “Münaqişənin diplomatik həlli yoxdur” deyən Nikol Paşinyan artıq məcbur olub bu dəfə danışıqlar üçün ABŞ-a yalvarır. Artıq Paşinyan kompromislərdən danışır.

Əgər bu humanitar atəşkəs də Ermənistan tərəfindən pozularsa, Azərbaycan yenə düşmənə qətiyyətli cavab verəcək. Təəssüf ki, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir. Bu onu göstərir ki, Ermənistan bu humanitar atəşkəsə da riayət etməyəcək. Bunun ilkin əlamətləri də artıq özünü göstərir. Müdafiə Nazirliyinin səhər saatlarında açıqladığı məlumata görə, Oktyabrın 26-da saat 08:00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub. Düşmən səhər saat 8-dən sonra Tərtər şəhərini və rayonun kəndlərini və Laçın rayonu Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələrini artilleriya atəşinə tutub. Ermənistan artıq dünən ABŞ və ATƏT-in birgə elan etdiyi humanitar atəşkəs bəyanatını pozub.

Ermənistan baş naziri Nikol Paşinyanın öz tvitter mikrobloqunda ABŞ Prezidenti Donald Trampın adını işarələyərək Ermənistanın Vaşinqton razılaşmasına əsasən atəşkəs rejiminə əməl etmələrinə dair tvitterdəki paylaşımına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistanın Baş Naziri yenidən yalan danışır.