AB-dən Ukrayna ilə bağlı riskli qərar – Rusiya və ABŞ buna necə reaksiya verəcək?

AB-dən Ukrayna ilə bağlı riskli qərar – Rusiya və ABŞ buna necə reaksiya verəcək?

“Blumberq” agentliyi mənbələrə istinadən məlumat yayıb ki, Avropa Birliyi (AB) Ukraynanın bu bloka üzvlüyünün müharibənin dayandırılması üzrə gələcək sazişə daxil edilməsi üçün bir sıra variantlar hazırlayır.

Qeyd olunur ki, nəzərdən keçirilən variantlardan biri Ukraynaya AB-yə üzvlüklə bağlı olan müdafiə mexanizmlərinin verilməsi, həmçinin blok daxilində bəzi üzvlük hüquqlarına dərhal çıxışın təmin olunmasıdır. Mənbələrin sözlərinə görə, Avropa Birliyi Ukraynaya rəsmi üzvlük proseduru çərçivəsində irəliləməsi üçün atmalı olduğu addımların aydın qrafikini təqdim edəcək.

Jurnalistlərə danışan mənbələr bildiriblər ki, həmçinin Ukraynanın AB-yə üzvlük üzrə mövcud yolunun davam etdirilməsi və ya keçid dövrünün tətbiqi və mərhələli üzvlük modeli də müzakirə olunur.

Avropa Komissiyasının nümayəndəsi Ukraynanın Avropa Birliyinə üzvlüyünün gələcək sülh sazişi ilə bağlı müzakirələrin bir hissəsi olduğunu təsdiqləyib.

Agentlik xatırladır ki, Ukraynanın əsasən ABŞ-la birlikdə üzərində çalışdığı 20 maddəlik sülh planı ölkənin 2027-ci ildə AB-yə üzv olmasını nəzərdə tutur. Bundan əlavə, plana əsasən, Kiyev keçid dövründə blokun üzvlüyünə aid bəzi imtiyazlar əldə etməlidir.

Kənan Novruzov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siaysi şərhçi Kənan Novruzov deyib ki, bunun konstruktiv və real nəticələr verəcək bir addım olacağını düşünmürəm:

“Əksinə, belə bir təşəbbüs mövcud vəziyyəti daha da mürəkkəbləşdirə, artıq kifayət qədər həssas olan prosesi əlavə risklər altına sala bilər. Bu addım faktiki olaraq ABŞ-nin irəli sürdüyü və üzərində çalışdığı sülh planlarına mane olmaq, onların effektivliyini zəiflətmək anlamına gəlir.

Eyni zamanda, Aİ-nin özü də bu prosesdə kənarda qaldığının, yəni siyasi mənada “ofsaytda” olduğunun fərqindədir. Məhz buna görə də Brüssel sanki gec də olsa “oyuna daxil olmağa” və prosesdə rol almağa çalışır. Lakin bu təşəbbüs balanslaşdırılmış və razılaşdırılmış addım təsiri bağışlamır. Əksinə, həm Rusiyanın, həm də ABŞ-nin narazılığına səbəb ola biləcək bir yanaşma kimi görünür ki, bu da Aİ-nin mövqeyini daha da zəiflədə bilər.

Digər tərəfdən, mövcud mərhələdə bu məsələ hətta Ukraynanın özü üçün də əsas prioritetlər sırasında yer almır. Ukrayna üçün hazırda daha vacib olan təhlükəsizlik, hərbi-siyasi sabitlik və konkret təminatlarla bağlı məsələlərdir. Bu baxımdan, sözügedən təşəbbüs nə regional reallıqlara, nə də tərəflərin hazırkı maraqlarına tam uyğun gəlir və praktiki fayda vəd etmir”.

Atilla Rzasoy