Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-nin Belarus üzrə xüsusi nümayəndəsi Con Kol arasında iki günlük danışıqlardan sonra əsl diplomatik irəliləyiş baş verib.
ABŞ Belarus kaliumuna qarşı sanksiyaları ləğv edib və Minsk bunun müqabilində müxtəlif ölkələrin 123 vətəndaşını sərbəst buraxıb. Onların arasında görkəmli müxalifət xadimləri də var: Nobel mükafatı laureatı Ales Bialiatski, keçmiş prezidentliyə namizəd Viktor Babariko və Mariya Kolesnikova.
Analitiklər bu siyasi və iqtisadi razılaşmanın nəticələrini anlamağa çalışırlar.
Bildirilir ki, danışıqlar cümə günü başlayıb. Belarus prezidenti dərhal etiraf edib: “Deyirlər ki, Tramp yaltaqlığı sevir. Amma mən bunu yaltaqlıq üçün etmirəm. Demək istəyirəm ki, son vaxtlar onun hərəkətlərini həqiqətən bəyənirəm”.
ABŞ-nin Belarus kaliumuna qarşı sanksiyaları ləğv etməsi və bunun müqabilində siyasi məhbusların azad edilməsi regionda geosiyasi balansı, Belarusun beynəlxalq mövqeyini və ABŞ–Rusiya–Aİ münasibətlərini necə dəyişə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi, VHP siyasi şurasının üzvü Fikrət Nəsrəddinzadə qeyd edib ki, Aleksandr Lukaşenko 1994-cü ildən hakimiyyətdə olsa da, ABŞ prezidentləri ilə birbaşa əlaqəsi yalnız bu ilin avqustunda baş tutub:
“Danışıqların əsas mövzuları Alyaskada Vladimir Putinin iştirakı ilə keçiriləcək sammit, sanksiyalar və siyasi məhbusların azad edilməsi olub. Ümumiyyətlə, son dövrlər Lukaşenkonun Qərb qarşısındakı siyasi çəkisi artıb, Putinə yaxın əlaqələri və eyni zamanda Avropa Birliyi ilə manevr imkanları onu strateji aktora çevirib. Bu kontekstdə Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən siyasi məhbusların azad edilməsi ABŞ-nin Belarusiyaya qarşı tətbiq etdiyi sanksiyaların götürülməsinə səbəb olub. Bu qərar tərəflər arasında formalaşan yeni dialoq mühitinin nəticəsi kimi qiymətləndirilə bilər. Sözügedən addım ölkədəki siyasi vəziyyətin yumşaldılması istiqamətində atılan mühüm addım hesab olunur.
Şərhçinin sözlərinə görə, siyasi məhbusların azad edilməsi insan hüquqları sahəsində müsbət addım kimi dəyərləndirilir və ölkədə siyasi mühitin nisbətən yaxşılaşacağına dair ümid yaradır:
“ABŞ-nin sanksiyaları ləğv etməsi isə Belarus iqtisadiyyatına müsbət təsir göstərə, ölkənin beynəlxalq ticarətdə iştirakını asanlaşdıra bilər. Bu qərar, eyni zamanda, Belarusun Qərb ölkələri ilə iqtisadi əlaqələrinin genişlənməsi üçün də zəmin yaradır. Siyasi məhbusların azad edilməsi və sanksiyaların ləğv olunması ölkə daxilində siyasi dialoqun bərpasına və vətəndaş cəmiyyətinin inkişafına təkan verə bilər.
Bununla yanaşı, bu proses Lukaşenkonun hakimiyyətinin beynəlxalq legitimliyinin qismən bərpası cəhdi kimi də dəyərləndirilə bilər. Eyni zamanda, atılan addımlar Belarusun Avropa İttifaqı və ABŞ ilə münasibətlərinin normallaşmasına kömək edə bilər.
Bu prosesin real nəticələri isə yaxın aylarda və illərdə daha aydın şəkildə özünü göstərəcək”.











