Sərhəd xəttində aparılan mühəndis işləri ilə bağlı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib.
NOCOMMENT.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərə açıqlamasında bildirib ki, söhbət böyük ehtimalla Nerkin Hand kəndi yaxınlığındakı Şikahox qoruğundan gedir.
Onun sözlərinə görə, mühəndis-istehkam qurğularının tikintisi zamanı ağacların kəsilməsi adi praktikadır. Baş Qərargah rəisi qeyd edib ki, süni və partlayıcı olmayan maneələrin yaradılması üçün də ağacların kəsilməsindən istifadə olunur.
Jurnalistlərin bu cür fəaliyyətlə bağlı niyə ictimai etiraz səsləndirilmədiyi və məsələnin siyasi kanallarla Azərbaycana çatdırılıb-çatdırılmadığı barədə sualına Asryan aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edib.
Asryan həmçinin bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası prosesi çərçivəsində rəsmi olaraq bəyan etdiyi 29 743 kvadrat kilometrlik ərazisinin bir metrindən belə imtina etməyəcək. Onun sözlərinə görə, delimitasiya prosesi konkret tarixi xəritə əsasında aparılır və həmin xəritə Baş Qərargahda da mövcuddur. O qeyd edib ki, delimitasiya komissiyasının tərkibində kartoqrafiyanı yaxşı bilən hərbi nümayəndə iştirak edir.
Baş Qərargah rəisinin sözlərinə görə, 2021 və 2022-ci illərdə baş vermiş hadisələrdən sonra Azərbaycanın nəzarətinə keçən Ermənistan əraziləri delimitasiya prosesi nəticəsində Ermənistanın nəzarətinə qaytarılacaq.
Baş Qərargah rəisi 2022-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Cermuk yaxınlığındakı ərazilərdən geri çəkilməyə məcbur olacağını bildirməsi ilə bağlı sualı da cavablandırıb. O, həmin vaxt verdiyi açıqlamanın doğru olduğunu söyləyib və əlavə edib:
“Əgər o vaxt bunu demişəmsə, deməli, lazım idi. Amma niyə belə dediyimi açıqlamayacağam.”/Musavat.com /











