Dünyada hər yeddi insandan biri savadsızdır – STATİSTİKAbackend

Dünyada hər yeddi insandan biri savadsızdır – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər il sentyabrın 8-i dünyada “Beynəlxalq Savadlılıq Günü” kimi qeyd edilir. 

NOCOMMENT.az xatırladır ki, bununla bağlı qərar Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) tərəfindən 1967-ci ildə qəbul olunub.

UNESKO-ya görə, fundamental insan hüququ olan savadlılıq digər hüquqlardan da istifadə etmək üçün açar rolunu oynayır. Savadlılıq sayəsində insanlar daha çox bilik, bacarıq, dəyər, münasibət və davranışlara yiyələnir və cəmiyyətin bir hissəsinə çevrilirlər. Bundan əlavə, savadlılıq yoxsulluğu azaldır və işçi qüvvəsində və bazarda iştirakını artırmaqla ölkənin inkişafına müsbət təsir göstərir.

UNESKO-nun məlumatlarına əsasən, 1979-cu ildə dünyada savadlılıq səviyyəsi 68 faiz olduğu halda, bu gün dünya əhalisinin 86 faizindən çoxunun savadlı olduğu təxmin edilir. Son 50 ildə dünya üzrə savadlılıq səviyyəsində davamlı irəliləyişlərə baxmayaraq, COVID-19 epidemiyası zamanı təhsilə çıxışın məhdudlaşdırılması səbəbindən savadlılıq səviyyəsində azalma müşahidə olunub.

2022-ci ilin məlumatlarına görə, 15 və daha yuxarı yaşda olan hər 7 insandan biri əsas savadlılıq bacarıqlarından məhrum olub. Bu gün 250 milyon uşaq və gənc hələ də məktəbə getmir və 754 milyon yetkin insan əsas savadlılıq bacarıqlarından məhrumdur.

 Dünyada 754 milyon savadsız yetkin insanın demək olar ki, üçdə ikisini qadınlar təşkil edir. Məlum olub ki, 15 və yuxarı yaşda olan kişilərdə savadlılıq səviyyəsi 90 faiz olduğu halda, qadınlarda bu göstərici 82,7 faiz təşkil edib. Bu qeyri-bərabərlik inkişaf etməmiş ölkələrdə daha qabarıq şəkildə özünü büruzə verir.

İnkişaf etmiş ölkələrdə böyüklərin savadlılıq səviyyəsi 96 faiz və ya daha yüksək olduğu halda, inkişaf etməmiş ölkələrin orta savadlılıq səviyyəsi 65 faiz olaraq qalır.

Ən aşağı savadlı ölkələr Cənubi Asiya, Qərbi Asiya və Sub-Sahara Afrikasında yerləşir ki, bu da dünyanın ən yoxsul ölkələri sırasındadır. Bu ölkələrdə təhsil imkanı olsa belə, iqtisadi çətinliklər yaşayan ailələr övladlarının məktəbə getmək əvəzinə işləməsinə və pul qazanmasına ehtiyac duya bilər. Finlandiya, Qrenlandiya, Lüksemburq və Norveç savadlılıq səviyyəsi 100 faiz olan ölkələr sırasındadır.

 

Birləşmiş Millətlər Təşkilatının “Dayanıqlı İnkişaf Məqsədləri”nə uyğun olaraq, 2030-cu ilə qədər bütün dünyanın savadlı olması hədəflənir.