Dünyadan köçən qarabağlılar öz torpaqlarında dəfn olunacaq? – Açıqlamabackend

Dünyadan köçən qarabağlılar öz torpaqlarında dəfn olunacaq? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri aparılır. Yaxın gələcəkdə Qarabağ sakinlərinin də öz ata-baba yurdlarına qayıdacağına şübhə yoxdur. 

Qarabağa qayıdışın bu məqamında doğma torpaq həsrəti çəkən, 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayan ahılların son arzusu Qarabağ torpağında dəfn olunmaqdır. 

Onların yaxınları bu vəsiyyəti reallaşdırmaq, məzarların azad olunmuş ərazilərdəki qəbiristanlıqlarda olmasını istəyirlər.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bunun kənardan göründüyü qədər asan olmadığını bildirib:

“Mən bu məsələni təklif kimi parlamentdə də qaldırmışdım. Bu məsələyə baxılmasını xahiş etmişdim ki, insanlarımızın belə müraciətləri var. Amma burada bir çox məsələlər var ki, biz onları nəzərə almalıyıq, bu sadə məsələ deyil. Nəzərə almalıyıq ki, həmin ərazilərdə hələ də mina təhlükəsi var. Hələ də qəbiristanlıqlarımızda minaların olma ehtimalı var. Mən bir deputat kimi insanların bu arzularını, istəklərini anlayıram. Tez-tez mənə də müraciət edirlər, lakin bunu həyata keçirməkdə müəyyən problemlər var ki, bunlar minalarla, gediş-gəlişlə bağlıdır. Təsəvvür edin, Cəbrayılın 100-ə yaxın qəsəbə, kənd və şəhər mərkəzi var və hər gün nə qədər insan dünyasını dəyişir. Eyni bu qədər Füzulidə, Ağdamda və digər ərazilər var. Bu ərazilərə gediş-gəliş mina təmizlənməsi məsələsi var ki, onlar da sadə məsələlər deyil”.

Millət vəkili vətəndaşlara bir az səbrli olmağı tövsiyə edib. Onun sözlərinə görə, dövlət bu məsələdə zamanla müəyyən addımlar atacaq:

“Hər halda, dövlət özü də istəyərdi ki, bu mümkün olsun, amma qeyd etdiyim kimi mina, buraxılış, icazə məsələsi var. Digər tərəfdən qəbiristanlıqlar barbarcasına dağıdılıb. Bu o qədər də sadə məsələ deyil. İnsanlar bunu istəyirlər, bunu anlayırıq, ancaq hər şey ciddi şəkildə araşdırılmalı, təhlil olunmalıdır.

Dağıdılan qəbiristanlıqların harada salınacağı məsələsi var. Ola bilər ki, hansısa kəndlərin birləşdirilməsi gündəmdə olsun. Ona görə buna kompleks şəkildə yanaşılmalıdır. Nəzəri baxımdan bunu sadəcə demək çox asandır. Məsələnin texniki tərəfi də var.

Dövlət özü də bu məsələlərə baxır, təhlil edir, müəyyən addımların atılması üçün işlər görür.

Vətəndaşlarımıza tövsiyə edirik ki, bir az da səbr etsinlər, dözümlü olsunlar. İnanıram ki, bu məsələyə dövlət nə vaxtsa yenidən baxacaq və bununla bağlı qərarlar qəbul edəcək”.