100 ən böyük silah istehsalı şirkətinin gəlirləri 2023-cü ildə artaraq 632 milyard dollara çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bazar ertəsi dərc etdiyi hesabatda deyilir.
“Sənayenin 100 ən böyük şirkətinin silah və hərbi xidmət satışından əldə etdiyi gəlir 2023-cü ildə 632 milyard dollara çatıb ki, bu da 2022-ci illə müqayisədə real ifadədə 4,2% çoxdur”.
Bildirilir ki, silah satışından əldə edilən gəlirdə artım Rusiya və Yaxın Şərq də daxil olmaqla bütün regionlarda müşahidə olunub. Eyni zamanda, kiçik istehsalçılar Qəzza və Ukraynadakı müharibələr, Şərqi Asiyada artan gərginlik və dünyanın başqa yerlərində yenidən silahlanma proqramları ilə bağlı yeni tələblərə cavab verməkdə daha effektiv olublar.
İnstitutun proqramının tədqiqatçısı Lorenzo Scarazzato-nun qeyd etdiyi kimi, silah satışından əldə edilən gəlirin artım tendensiyası 2024-cü ildə də davam edəcək.
ABŞ-da yerləşən dünyanın 100 ən böyük şirkətindən 41-i 317 milyard dollarlıq silah satışı qeydə alıb.
Avropada yerləşən 27 şirkətin (ilk 100 şirkətdən) ümumi silah gəlirləri 2023-cü ildə 133 milyard dollar təşkil edib. Bu, 2022-ci ildəkindən cəmi 0,2% çoxdur ki, bu da dünyanın istənilən regionunda ən kiçik artımdır.
Eyni zamanda, bir sıra digər avropalı istehsalçılar qeyd ediblər ki, onların silah satışından əldə etdikləri gəlirlər, Ukraynadakı müharibə ilə bağlı tələbat, xüsusilə də döyüş sursatları, artilleriya, hava hücumundan müdafiə sistemləri və yerüstü sistemlərə olan tələbat hesabına artıb. Xüsusilə Almaniya, İsveç, Ukrayna, Polşa, Norveç və Çexiya şirkətləri bu tələbdən yararlana biliblər. Məsələn, Almaniyanın Rheinmetall şirkəti 155 mm-lik döyüş sursatı üçün istehsal gücünü artırıb, Leopard tanklarının tədarükü və yeni sifarişlər hesabına gəlirləri artıb.