İtaliyanın Venesiya yaxınlığındakı Povelya adası, tarix boyu minlərlə insanın həyatını itirdiyi, bu gün isə ziyarət olunması qadağan edilən müəmmalı bir məkan kimi tanınır.
NOCOMMENT.az qaynarinfo -ya istinadən xəbər verir ki, İtalyan mətbuatının məlumatına görə, Povelya üç kiçik adadan ibarətdir və əsrlər boyu sakit, təcrid olunmuş bir yaşayış məskəni kimi mövcud olub. Lakin 1793-cü ildə adanın taleyi birdəfəlik dəyişib – ölkə boyu yayılan taun xəstəliyi buranı karantin zonasına çevirib.
Xəstə və yoluxmuş insanlar İtaliyanın müxtəlif yerlərindən buraya gətirilirdi. Adadakı xəstəxanada yer çatmadığı üçün ölüləri torpağa basdırmaq mümkün olmurdu — cəsədlər kütləvi “taun quyularına” atılırdı. Tarixçilərin hesablamalarına görə, Povelyada ölənlərin sayı 100 min nəfəri keçib. O vaxtdan ada “ölülər adası” kimi tanınmağa başlatyıb.
Rəvayətlərə görə, sonrakı illərdə adada yerləşən psixiatrik xəstəxanada insan üzərində qanunsuz təcrübələr aparılıb. Guya bəzi həkimlər xəstələr üzərində lobotomiya əməliyyatları həyata keçirir, daha sonra isə dəli vəziyyətinə düşüb xəstəxana qülləsindən özlərini atıblar. Lakin bu hadisələrin real olduğuna dair elmi sübut yoxdur və çox güman ki, bunlar sadəcə xalq arasında dolaşan qorxulu əfsanələrdir.

Eyni zamanda, adada taun zamanı ölən insanların ruhlarının hələ də orada dolaşdığına dair yerli əhali arasında inanclar yaşayır.
Son 50 ildə ada tamamilə tərk edilib. Burada nə sakin var, nə də turizm fəaliyyəti. Köhnə xəstəxana, həbsxana və psixiatrik klinikanın xarabalıqları hələ də qalır.
Hazırda adaya səfər etmək qadağandır. İctimai nəqliyyat oraya getmir və yalnız elmi araşdırma və ya jurnalistika məqsədilə yerli hakimiyyət orqanlarından xüsusi icazə alınarsa, giriş mümkündür. Qanunsuz şəkildə adaya enmək isə inzibati cərimə ilə cəzalandırılır.
Povelyanı yalnız uzaqdan – Venesiya körfəzindən keçən gəmilərdən seyr etmək mümkündür.