“Donald Trampın iqtisadi siyasətində bir sıra istiqamətlər üstünlük təşkil edəcək”.
NOCOMMENT.az Sfera.az-a istinadən bildirir ki, bunu deputat, iqtisadçı Tahir Mirkişili deyib. O bildirib ki, bunlardan biri iri korporasiyaların azad kapitalizmidir:
“Seçki öncəsi də Tramp iri korporasiyalar üçün vergilərin azaldılmasını, dövlət tənzimlənməsinin isə zəiflədilməsini müdafiə etmişdi. Bu iqtisadi siyasət iqtisadi artımı gücləndirəcək, sosial bərabərsizliyi isə artıracaq. Digər məsələlərdən biri daxili bazarın qorunmasıdır. Trampın iqtisadi siyasətində bu istiqamət mühüm yer tutur. ABŞ-nin illik idxalı 3.1 triliyon dolları keçir. Tramp bütün idxalı əlavə 10%, ÇİN-dən gələn məhsulları isə əlavə 60% rüsüma cəlb etməyi planlaşdırır. Əsas məqsəd daxili istehsalı gücləndirmək, yeni iş yerləri açmaqdır”.
Millət vəkili qeyd edib ki, qeyri-qanuni miqrasiya ilə mübarizə, polis nəzarətinin gücləndirilməsi və milliləşmə də əsas məsələlərdəndir:
“Trampın iqtisadi siyasəti bir çox sahələrdə sosial narazılıqlara səbəb ola bilər. Dövlət baş verə biləcək hadisələrin qarşısının alınması üçün güc strukturlarının gücləndirilməsini planlaşdırır. Yeni seçilmiş prezident ənənəvi olaraq neftin əlçatan, amma ucuz olmasının tərəfdarıdır. Yaşıl enerji və iqlim dəyişikliklərində inamsızlıq nümayiş etdirən iqtisadi siyasətin dəyişikliklərə məruz qalacağına ancaq ümid etmək olar. Digər məsələlərdən biri kadr islahatlarıdır. Tramp tərəfdarları qısa müddət ərzində dövlət aparatında 50 minə yaxın qulluqçunu dəyişməyi planlaşdırırlar. Onlara görə, yeni kadrlar olmadan uğurlu iqtisadi siyasət icra etmək çətin olacaq”.
T.Mirkişili xatırladıb ki, dünya iqtisadiyyatının təqribən 1/4-i ABŞ-yə aiddir:
“Ona görə ABŞ prezidentinin hansı iqtisadi siyasət yürütməsi bütün dünya iqtisadiyyatına təsir edəcək. Dünya artıq müharibələrdən, sanksiyalardan, inzibati iqtisadi müdaxilələrdən yorulub. Ümid edirik ki, dünyada iqtisadi inkişafın qarşısında olan bu maneələr azaldılacaq”.