“Düşmən  bu məntəqənin müdafiəsinə xüsusi diqqət ayıracaq” – General-mayorbackend

“Düşmən bu məntəqənin müdafiəsinə xüsusi diqqət ayıracaq” – General-mayor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Ermənistan mənbələri iddia edir ki, Azərbaycan ordusu artıq Şuşanın 2-3 kilometrliyində yerləşən Daşaltı kəndi uğrunda döyüşlər aparır. Yayılan video-kadrlarda Şuşa ətrafındakı erməni mövqelərinə minaatanlardan atəş açıldığı görünür ki, həmin qurğuların da maksimum 5-7 km-lik atış məsafəsi var… Bütün hallarda digər yaşayış məntəqələrimiz kimi bu kəndimizin də terrorçu erməni hərbi birləşmələrindən təmizlənməsi çox vacibdir…

NOCOMMENT.az xəbər verir ki, sabiq Müdafiə naziri general-mayor Tacəddin Mehdiyev 28 il öncə azad edilməsinə cəhd əməliyyatı baş tutmamış Daşaltının bu gün Şuşanın azad olunması üçün strateji əhəmiyyətindən bəs edib. “Hava xətti ilə şəhərdən 500-600 metr məsafədə yerləşən Daşaltı kəndi Şuşanın müdafiəsində böyük rol oynayan ən strateji məntəqələrdən biridir. 28 il öncə – hələ cəmi 3 aylıq müstəqil dövlətimizin siyasi və iqtisadi cəhətdən zəif bir durumunda, Milli Ordumuzun yarı-yarımçıq ilk nizami hissələrinin yarandığı bir vaxtda da mən Müdafiə naziri olaraq Şuşanın ermənilər tərəfindən işğalının qarşısının alınması üçün Daşaltının erməni terrorçularından azad olunmasının əhəmiyyətini dərk edərək buna cəhd etdim. Amma təəssüf ki, hazırda izahının yeri olmayan bir sıra obyektiv və subyektiv səbəblərdən həmin əməliyyat baş tutmadı. Allah o zaman şəhid olan oğullarımıza rəhmət eləsin!..”

General-mayor Ermənistanın sabiq Müdafiə naziri, Daşaltının Xocalı soyqırımının əsas icraçılarından biri Seyran Ohanyanın doğma kəndi olduğunu da xatırladaraq düşmənin bu məntəqənin müdafiəsinə xüsusi diqqət ayıracağını bildirib.

“Uğursuzluğumuzun səbəblərindən biri də düşmənin Daşaltında güclü istehkamlar qurması idi. Hazırda, yəqin ki, həmin istehkamları daha da möhkəmləndiriblər. Bildiyiniz kimi, Daşaltı Xocalıda da əli xalqımızan qanına batmış Rusiyanın 366-cı alayının keçmiş batalyon komandiri və işğalçı Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyanın doğulduğu kənddir. Onu da bu günlər, ümumiyyətlə, Şuşanın müdafiəsi üçün təhkim ediblər. Odur ki, ermənilər tərəfindən Daşaltının müdafiəsinə xüsusi diqqət ayrılacaq. Ancaq bütün bunlara rəğmən bu gün artıq, çox şükür ki, kifayət qədər güclü və təcrübəli, müasir silah və texnologiyaya malik ordumuz üçün bu kiçik kəndi azad etmək o qədər də çətin olmayacaq… Bir sözlə, Daşaltının ermənilərdə olması o zaman Şuşanın işğalı baxımından necə təhlükəli idisə, indi də Şuşanı azad etmək üçün Daşaltının alınması olduqca vacibdir. Çünki Daşaltıdan birbaşa yol açılır Şuşaya… Digər tərəfdən, Şuşa-Laçın yolu da ələ keçirilsə, Laçın da azad edilsə, artıq Şuşanı azad etmək asan olacaq…”-deyə sabiq Müdafiə naziri vurğulayıb.
Moderator.az