Düşmən kabusuna çevrilən “müəllim” ləqəbli şəhid kəşfiyyatçı – VİDEO – FOTObackend

Düşmən kabusuna çevrilən “müəllim” ləqəbli şəhid kəşfiyyatçı – VİDEO – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərə qan udduran kəşfiyyatçı şəhid İmran Məmmədli hələ Aprel döyüşlərindən düşmənin kabusuna çevrilmişdi. O, Vətən müharibəsində düşmənə ağır zərbələr endirib və son gülləsinə qədər döyüşərək şəhid olub.

NOCOMMENT.az AZƏRTAC-a istinadən bildirir ki, “müəllim” ləqəbli kəşfiyyatçı İmran Məmmədli qanı ilə tarix yazan igidlərimizdəndir.

Şəhidin qardaşı Rəşad Məmmədov deyir ki, hərbçi yoldaşları İmranı “müəllim” ləqəbi ilə çağırırdı. Çünki o, ali təhsilli idman müəllimi idi. İmran hər zaman vətənpərvər olması ilə diqqəti çəkib. İmran hərbi xidməti başa vurduqdan sonra müddətli hərbi xidmətçi olaraq vətəni qorumağa qərar verib və üçillik müqavilə ilə hərbidə çalışmağa başlayıb. Müqaviləsi bitdikdən sonra məktəbdə hərbi müəllim kimi işləyirdi. İstəyi özündən sonra gəncləri də vətənpərvər ruhda yetişdirmək idi. İmran həm də 1-ci dan qara kəmər ustası idi. Məktəbdə fəaliyyətini dayandıran qardaşım yenidən hərbiyə qayıtdı. “İkinci dəfə İmranı kəşfiyyat bölüyünə götürdülər, kəşfiyyatçı olaraq İmran xidmətini davam etdirdi. Hələ 4 il əvvəl Aprel döyüşləri zamanı İmran düşmənə bir çox ağır zərbələrin vurulmasında iştirak edib. Lələtəpənin alınmasında, bayrağımızın ucaldılmasında döyüş yoldaşları ilə bərabər İmranın da xidmətləri olub. Hərbidə xidmət etdiyi gündən şəhidlik zirvəsinə ucalana qədər İmran ön cəbhədə oldu. Vətən müharibəsində də düşmən təxribatının qarşısını almaq üçün İmran və döyüşçü yoldaşları bir neçə uğurlu tapşırıqlar yerinə yetirdi. O, Zəngilan, Qubadlı və Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Onun döyüş yoldaşları deyir ki, sonuncu dəfə İmran və qrupu Füzuli rayonunun Kürdlər kəndi istiqamətində düşmən qüvvəsinin arxasına keçib. Bir neçə post alaraq düşmənin xeyli canlı qüvvəsinə zərbə vurublar, həmin döyüşlərdə İmran şəhid olub. Onun nəşi tapılanda görüblər ki, üstündə bir dənə də olsun gülləsi qalmayıb, o, son gülləsinə qədər vuruşub. Oktyabrın 26-sı axırıncı dəfə danışanda dedi ki, tezliklə qələbə ilə qayıdacağam, ondan sonra danışa bilmədim. Bir ay ondan xəbər gözlədik, 29 gündən sonra noyabrın 25-i bizə xəbər gəldi ki, İmran şəhid olub. Ondan xəbər almadığımız müddətdə bizdə bir ümid var idi, o, bir qəhrəmandır, arzuladığı kimi döyüşür”, – deyə şəhidin qardaşı söyləyir.

Şəhidin həyat yoldaşı Ayşən Məmmədli söyləyir ki, İmran öncədən şəhid olmağa hazır idi. İmranın vətən sevgisi o qədər yüksək idi ki, hətta torpağı 4 övladından və ailəsindən üstün tutdu: “O, həmişə deyirdi ki, birinci mənim üçün vətəndir, soruşurdum ki, bəs bizi fikirləşmirsən, deyirdi birinci vətən sonra ailə. Mənim üçün danışmaq çox ağır olsa da, onunla fəxr edirəm. Şəhid ailəsi olmaq fəxrdir, qürurdur, torpaqlarımızın alınması mənimçün böyük təsəllidir ki, onun qanı yerdə qalmadı”.

Qeyd edək ki, 1985-ci ildə Beyləqan rayon birinci Şahsevən kəndində dünyaya göz açan İmran Məmmədli noyabrın 25-də 35 yaşında şəhidlik zirvəsinə ucalıb. Ondan iki qız, iki oğlan övladı yadigar qalıb.