DYP-nin səbəbsiz içki yoxlaması QANUNİDİR? – Bunları bilməsəniz…backend

DYP-nin səbəbsiz içki yoxlaması QANUNİDİR? – Bunları bilməsəniz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar sürücülər arasında Dövlət Yol Polisi (DYP) əməkdaşlarının avtomobili səbəbsiz saxlayıb içki kontrolundan keçirməsi ilə bağlı narazılıqlar artır.

Sosial şəbəkələrdə və media vasitələrində yayılan videolar və şikayətlər göstərir ki, bəzi sürücülər heç bir yol hərəkəti pozuntusu olmadan dayandırılır və yoxlanılır. Bu vəziyyət vətəndaşlarda hüquqi narahatlıq və etimadsızlıq yaradır.

Bəs, qanunvericilik baxımından DYP-nin belə bir səlahiyyəti varmı?

Nəqliyyat eksperti Tale Ələddinzadə NOCOMMENT.az-a bildirib ki, DYP əməkdaşlarının sürücünü spirtli içki yoxlamasına məcbur etmək hüququ yalnız qanunvericilikdə göstərilən hallarda mümkündür:

“Bu yoxlama yalnız şübhəli hərəkətlər, yol hərəkəti qaydalarının pozulması, qəza və ya digər əsaslı səbəblər olduqda aparıla bilər. Sadəcə olaraq, avtomobili dayandırmaq və ‘içki kontrolu’ adı altında yoxlama aparmaq sərbəst şəkildə mümkün deyil”.

Ekspert əlavə edib ki, bəzi DYP əməkdaşları praktiki olaraq profilaktik yoxlama adı altında sürücüləri saxlayırlar:

“Bu isə qanuni əsas olmadan tətbiq edildikdə vətəndaşın hüquqlarını pozur, dövlət orqanına etimadsızlıq yaradır və insanlarda yanlış təsəvvür formalaşdırır”.

Ekspert deyir ki, belə halların qarşısının alınması üçün polis işçilərinə ciddi təlimatlar verilməli və monitorinq sistemi gücləndirilməlidir:

“Sürücülər avtomobil saxlanması zamanı hüquqlarını qorumaq imkanına malikdir. Onlar səbəbsiz yoxlamadan imtina edə, hüquqi əsas tələb edə, hadisəni video və ya audio ilə sənədləşdirə, həmçinin şikayət etmək hüququndan istifadə edə bilərlər. Qanunsuz yoxlamalar yalnız şəxsi azadlığa müdaxilə deyil, həm də hüquqi məsuliyyət yarada bilər. Vətəndaşların hüquqlarını bilməsi və qanun çərçivəsində müdafiə etməsi vacibdir”.

Onun sözlərinə görə, DYP-nin avtomobili səbəbsiz saxlayıb içki kontrolu aparmaq səlahiyyəti yoxdur:

“Hər hansı yoxlama yalnız qanuni əsaslara əsaslanmalı, sürücülərin hüquqları qorunmalıdır. Əks halda, bu cür yoxlamalar həm insan hüquqlarının pozulmasına, həm də dövlətin etibarına zərbə vurur”.