Qablaşdırılmış məhsullara şübhə ilə yanaşan bəzi istehlakçılar açıq şəkildə satılan yağ və pendirləri daha “təbii” hesab edirlər. Səbəb kimi isə konservant və əlavə maddələrin olmaması barədə təsəvvürlər göstərilir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, açıq məhsulların təbii görünməsi onların daha təhlükəsiz olması anlamına gəlmir.
NOCOMMENT.az xəbər verir ki, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında bildirib ki, insanlar çox vaxt “kənd məhsulu” adı ilə satılan, emal prosesi keçməyən və qablaşdırılmayan məhsullara üstünlük verirlər. Onların düşüncəsinə görə, belə məhsulların tərkibində konservant, dadlandırıcı və digər qatqılar olmur.

Lakin Hüseynova xəbərdarlıq edir ki, açıq satılan məhsulların riski daha böyükdür. Onun sözlərinə görə, istehsal prosesi, temperatur rejimi və gigiyenik qaydalar gözlənilmədikdə mikrobioloji çirklənmə baş verə bilər:
“Əgər məhsulun hazırlanmasında düzgün texnologiya tətbiq olunmursa, lazım olan temperatur təmin edilmir və ya sanitar-gigiyena qaydalarına əməl olunmursa, müxtəlif bakteriya və virusların yoluxması ehtimalı artır.”
Mütəxəssis vurğulayıb ki, süd və süd məhsulları, eləcə də ət məhsulları mütləq soyuq temperaturda saxlanmalıdır. Lakin açıq satış yerlərində bu qaydalara çox zaman əməl olunmur:
“Saatlarla açıq havada və ya otaq temperaturunda saxlanılan yağ və pendirlər keyfiyyətli olsa belə, mikroorqanizmlərin sürətlə çoxalması səbəbindən təhlükə yaradır.”
Məhsəti Hüseynova bildirir ki, daha az emal olunmuş, lakin keyfiyyətli və təhlükəsiz məhsul axtaranlar etiket məlumatlarına diqqət yetirməlidir:
- məhsulun tərkibi,
- istehsalçı şirkət və istehsal tarixi,
- saxlanma temperaturu,
- keyfiyyət sertifikatı.
“Bu tələblər qarşılanırsa, marketlərdən alınan qablaşdırılmış məhsullar da kifayət qədər təhlükəsiz və keyfiyyətli olur”, – deyə o, əlavə edib.
Mütəxəssis sonda qeyd edib ki, əsas məsələ məhsulun haradan alındığı, necə istehsal olunduğu və hansı şəraitdə saxlanıldığıdır. Açıq və ya qablaşdırılmış olmasından asılı olmayaraq, mənşəyi bəlli olmayan məhsullar sağlamlıq üçün risk yarada bilər.













