Əhaliyə ŞAD XƏBƏR – Minimum əməkhaqqı bu qədər ARTACAQbackend

Əhaliyə ŞAD XƏBƏR – Minimum əməkhaqqı bu qədər ARTACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Minimum əmək haqqı artırılır, özəl sektorda çalışanlar faydalana biləcəkmi?

 

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə uyğun olaraq gələn ildən minimum əmək haqqı yenidən artırılacaq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri noyabrın 1-dək təqdim edəcəyi gözlənilir. İctimaiyyət arasında kimlərin maaşlarının artırılacağı ilə bağlı suallar verilməkdədir. Minimum əməkhaqqındakı gözlənilən artım özəl sektora da şamil olunacaqmı?

İqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqındakı gözlənilən artım yalnız aşağı maaş alanlara şamil edilmir: “Eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır.

İqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir.  Minimum əməkhaqqının gözlənilən artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.

Gözlənilən artımlar həmçinin özəl sektoru da əhatə edir. Çünki gələn ilin əvvəli üçün gözlənilən minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindan aşağı maaş ödənilə bilməz”.

Qeyd edək ki, 2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı, ilkin məlumatlara əsasən, 1741,8 min nəfər olmuş, onlardan 899,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 842,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,0 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 14,5 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2023-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilə nisbətən 11,2 faiz artaraq 933,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

2024-cü ilin yanvar-iyul aylarında isə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3 faiz artaraq 1002,4 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Dövlət minimum əməkhaqqını artırır. Dövlətin özəl sektorun əməkhaqlarına müdaxiləsi yalnız minimum əmək haqqının artırılması ilə mümkündür. O minimalı təyin edir ki, bundan aşağı əmək haqqı təyin etmək olmaz. Dövlət özəl sektora tapşırıq verə bilməz, min manat alan şəxsi min yüz manat deyə bilməz. Amma dövlət deyə bilər ki, 345 manat minimum əmək haqqını, misal üçün, 400 manatdan verməlisən. Dövlət bunu deyə bilər. Dövlətin vahid tarif cədvəli var, orada minimum əmək haqqı ən aşağıdadır. Dövlət minimum əməkhaqqını artırdıqda digərlərinin də əmək haqqını artırmış olur, proporsionala uyğun olaraq. Yəni digərləri də vahid tarif cədvəli ilə əmək haqqı alırsa, bundan təsirlənir. Amma özəl sektorda belə bir məcburiyyət və məhdudiyyət yoxdur. Özəl sektorun öz işidir, işçini hansı əmək haqqı ilə təmin edir. Bir şərtlə ki, birincisi əməkhaqqından vergilər vermiş olsun, ikincisi də minimum əməkhaqqından aşağı verməmiş olsun. Özəl sektor üçün işçi də material kimidir, onu əmək bazarından alır. Əmək bazarı onu məcbur edir ki, onu ucuz, yoxsa baha versin”.

Ekspert əlavə edib ki, minimum əməkhaqqının artımının dolayı təsirləri qaçılmazdır: “Nəzərə almalıyıq ki, özəl sektorda da minimum əmək haqqı alanlar varsa, minimum əmək haqqıdan yüksək maaş alanların da maaşını artırmalı olur. Düzdür, bunu etməyə məcbur deyil. Amma işçiləri ranqlaşdıran özəl şirkətlərdə bu amil onları məcbur edir ki, bir az yüksək maaş alanın da maaşını artırsın. İkinci məqam. Dolayı təsirlər nə ola bilər. Dövlət əsas iş verənlərdən biridir. Bazarda 900 min işçi dövlətdə işləyir, təqribən  bir o qədər də özəl sektorda işləyir. Dövlət öz işçilərinin maaşlarını artıranda avtomatik olaraq əmək bazarına da təsir edir. Amma bu bir qədər zaman alır. Burada avtomatik yox, iqtisadi rıçaqlar işə düşür. Dövlət daha çox maaş verdikcə  özəl sektor da işçini daha baha almaq məcburiyyətində qalacaq. Amma inzibati şəkildə dövlət yalnız öz işçilərinin minimum əməkhaqları ilə bağlı qərar verə bilər.

İşçinin qiyməti o zaman qalxır, daha çox maaş alır ki, ona əmək bazarında daha çox tələb var. Özəl sektorun işçiyə yazığı gəldiyi üçün yox, çörək bahalaşıb deyə maaşını artırmır. İşçi tapa bilmirsə, işçi bahalaşıbsa, o zaman maaşları artırır. Özəl sektorda qərar vermək budur. Fikrimcə, minimum əmək haqqı 15 faiz artacaq. Ən son minimum əməkhaqları 2023-cü il yanvarın 1-də qalxmışdı. Ölkədə 8.8 faiz inflyasiya müşahidə edildi. Bu il də 4 faiz gözlənilir. 2024-cü ildə dəyişiklik olmadı. Düşünürəm ki, hökumət maddi, maliyyə imkanlarını, özəl sektorun da imkanlarını nəzərə alaraq minimum əməkhaqlarında maksimum15 faiz artım olacaq”. \\Yeni Müsavat