Ekspert: Bakı Nəqliyyat Agentliyi problemləri görmürbackend

Ekspert: Bakı Nəqliyyat Agentliyi problemləri görmür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı hər gün məlumat verir. Həmin məlumatlarda paytaxt yollarında tıxacların saatlarla davam etdiyi təsdiqlənir.

NOCOMMENT xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı yenisabah-a açıqlamasında qeyd edib ki, tıxacların tamamilə aradan qaldırılması qeyri-mümkündür:

“Obrazlı desək, gecdir, artıq qatar gedib. Bəzi məmurlar və oliqarxlar Bakını ələ keçirib, söküb, bərbad vəziyyətə salıblar. Harada boş yer var bina tikiblər. Harada boş səki görüblər, dönərxana, aptek və digər obyektlər tikiblər. Yol şəbəkəsi, ictimai nəqliyyat və piyada səkiləri inkişaf etdirilməyib.

Tağı Əhmədovun metro stansiyalarının inkişaf etdirilməsində rolu olmayıb. Onun dövründə bir stansiya 8 ilə tikildi. 8 ilə bir stansiya inşa edən metropolitendən nə gözləyək?! 5 milyona yaxın əhalinin yaşadığı Bakı şəhərində 30-a yaxın stansiyanın olması sadəcə biabırçılıqdır. Müqayisə üçün öz şəhərlərimizdən nümunə gətirim. Dünyanın digər ölkələrində Sumqayıt, Gəncə, Mingəçevir kimi iri şəhərlərdə 60-70 stansiya fəaliyyət göstərir. Ona görə də ictimai nəqliyyat saat kimi işləyir”.

E.Muradlı metrostansiyaların yaxınlığında maşınların saxlanılması üçün parkinqlərin salınmasını təklif edib: “Şəhərə gedənlər maşınlarını həmin ərazidə saxlayıb metro və avtobusla hərəkət edə bilməlidir. Təəssüf ki, bu şərait yoxdur. Heç avtobusun dayana bilməsi üçün yer yoxdur.

Şəhərsalma, ictimai nəqliyyat və metro şəbəkəsi bir-biri ilə bağlı məsələdir. Azərbaycanda isə şəhərsalmaya biri, ictimai nəqliyyata digəri, metro şəbəkəsinə isə o biri cavabdehdir. Hərə öz bildiyini edir. Vahid mərkəzdən idarə yoxdur. Kimsə kimsənin acığına iş görür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi səkiləri qanunsuz olaraq daha hündür edir. Küçələrin başına hərə bir oyun açır.

Avtomobilləşmə sürətlə inkişaf edir. Buna qarşı ola bilmərik. Kiməsə maşın alma deməyə ixtiyarımız yoxdur. İnsanlara ictimai nəqliyyatdan istifadə etməsi üçün şərait yaratmaq lazımdır. Avtobusların, metroların qüsursuz işlədiyini görən vətəndaş maşını həyətində saxlayacaq və ictimai nəqliyyatdan istifadə edəcək.

Bakı Nəqliyyat Agentliyi başından böyük sözlər danışır. “Avtomobillərə qarşı mübarizə aparmalıyıq”, “küçəni bağlamalıyıq”, “ancaq piyadalar hərəkət etməlidir” deyir. BNA belə problemləri görmək əvəzinə “yalnız piyadalar hərəkət etməlidir”, – deyir. Agentliyin sayəsində bu gün ictimai nəqliyyat çöküb. Bütün daşıyıcı şirkətlər borc içindədir. Bunlara səbəbkar isə BNA-dır”.