Ekspert: “Banklar arasında vəsaitlərin hərəkəti iqtisadiyyat üçün o qədər də əhəmiyyətli deyil”backend

Ekspert: “Banklar arasında vəsaitlərin hərəkəti iqtisadiyyat üçün o qədər də əhəmiyyətli deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müştərilər depozitlərini, adətən, o vaxt götürürlər ki, bankın verdiyi risk və gəlirlilik başqa sektorların verdiyi risk səviyyəsinə uyğun gəlirlilikdən daha aşağı olsun. Ola bilsin ki, bu da bankların depozitlərinə təsir göstərə bilər. İnflyasiya sürətli və bankın gəlirliliyi isə inflyasiyanın kəskin aşağısında olduqda vətəndaş fikirləşir ki, vəsaiti bankda qoyunca daşınmaz əmlak almaq daha çox gəlir gətirə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib

Onun sözlərinə görə, bankın verdiyi depozit faizi başqa bankın verdiyi depozit faizindən daha aşağı olduqda vətəndaş digər banka yönəlir: “Hər bir bank üçün müxtəlif spesifik səbəblər ola bilər. Azərbaycanda banklar çox kiçikdir. Məsələn, hansısa bir hüquqi şəxs bank hesabına qoyduğu vəsaiti geri çəkəndə bu, bankın göstəricilərinə təsir göstərir. Həm də nəzərə almaq lazımdır ki, hüquqi şəxs vəsaiti hesabında müvəqqəti saxlayır. Çünki hüquqi şəxs baxır ki, onun üç aydan sonra investisiya layihəsi var və elə üç aydan sonra vəsaitini götürüb xərcləyəcək. Hüquqi şəxslər adətən pulu müvəqqəti saxlamaq məqsədilə banklarda faizli hesablarda qoruyurlar”.

X.Kərimli vurğulayıb ki, banklar arasında vəsaitlərin hərəkəti iqtisadiyyat üçün o qədər də əhəmiyyətli deyil: “Kəskin olaraq bank sektorunda depozitlər çəkilsə, bu, əlavə suallara və narahatlıqlara səbəb ola bilər. Bankların maliyyə durumunun bir ay kəskin qalxması, gələn ay cüzi düşməsi o demək deyil ki, vəziyyət pisdir”.

İqtisadçının sözlərinə görə, vətəndaş əlində qalan artıq pulu qazanc məqsədilə banka borc verir ki, istifadə eləsin və ona sabit geri qaytarsın: “Amma görəndə ki, inflyasiya onun pulunu üstələyir, yəni  inflyasiya səviyyəsi bankın verdiyi gəlirlilikdən daha çoxdur, o zaman fikrini dəyişir. Çünki görür ki, pulu bankda qaldıqca real dəyərini itirir. İkinci məqam ondan ibarətdir ki, alternativ sektorlarda gəlirlilik daha çoxdur, pulunu götürüb o tərəfə yönəldə bilər. Ümümiyyətlə, hər bir şəxs üçün fərqli vəziyyətlər yarana bilər. Hər bir şəxs fərdi səbəblərdən depozitlərini bankdan geri çəkə bilər”.

“Bank o vaxt vəsait cəlb etmək istəyir ki, pulu baha sata bilər, ona görə də depoziti yüksək faizlə verir. Məsələn, bank fikirləşir ki, pulu 10 faizlə götürüb, 15 faizə sata biləcək. Xatırlayırsınızsa, bir il bundan qabaq bəzi banklarda depozit faizi 5% idi. Amma nə oldu? Pulun dəyəri qalxdı, Mərkəzi Bank məcburi ehtiyat normalarını artırdı və banklar məcburən pul ehtiyacları duydular. Yəni bankların özünün də depozit cəlbetmə siyasəti var. Bankların özünün də pula ehtiyacı olanda depozit faizlərini qaldırırlar. Belə olanda əhali də baxır ki, o bank daha yüksək qazanc verir, gedib oraya da pulunu qoyur”.